• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1895
— 03.05.2016 11:51

Bakı və Sumqayıtda ağır yol qəzalarında 3 nəfər ölüb, xeyli yaralı var

Zərbənin gücündən maşın alışıb. Sərnişinlərdən biri isə yanaraq həyatını itirib. Bu, ötən gün baş verən dəhşətli yol qəzalarından yalnız bir epizoddur. Ən ağır qəzalar Bakı və Sumqayıtda qeydə alınıb. Ümumilikdə 3 nəfər ölüb, xeyli sayda yaralı var.

Sumqayıtda iki ağır yol qəzası baş verib. Hadisələrdən birində 1 nəfər yerindəcə keçinib, 4 nəfər isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə  Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Paytaxt sakini   Rüstəm Haqverdiyevin idarə etdiyi “Toyota” və Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Zərbə o qədər  güclü olub ki, “QAZ-3110” alışaraq yanıb. Nəticədə maşında olan  sərnişinlərdən biri - Adışirin Ələkbərov hadisə yerində ölüb. Avtomobildə olan daha 4 sərnişin isə  ətrafdakı insanların köməyi ilə yaxınlıqda yerləşən xəstəxanalardan birinə aparılıb. Rüstəm Haqverdiyev orada dünyasını dəyişib. Həkimlər yaralıların bəzilərinin vəziyyətini ağır qiymətləndirir.

Digər yol qəzasında isə 1 nəfər ölüb, iki nəfər xəsarət alıb.  Hadisə  şəhərin Koroğlu küçəsində baş verib. Şəhər sakini Samir İsmayılovun idarə etdiyi “BMW” və Ağsu rayon sakini Sahəddin Mədətovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Qəza zamanı “VAZ-2106”  Sahəddin Mədətov və  avtomobildə olan 2 sərnişin ağır vəziyyətdə xəstəxanalardan birinə aparılıb. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq sərnişinlərdən biri - Səkinə adlı qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə BDYPİ-nin rəsmiləri və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları ezam olunub. Hadisəyə səbəb kimi hər iki avtomobilin yüksək surətlə idarə edilməsi göstərilir.

Bakının Sabunçu rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib. İsa Hümbətov idarə etdiyi “Vaz 2107” markalı avtomobillə Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən yoluna piyada çıxıb. Yolun qaranlıq və yağışlı olması səbəbindən piyadanı gec görən sürücü onu vurub. Sürücü yaralını öz avtomobili ilə xəstəxanaya aparıb. Müayinə zamanı həkimlər piyadanın öldüyünü müəyyənləşdiriblər. Əraziyə polis əməkdaşları gəlib. Xəstəxananın həyətində olan avtomobilə baxış keçirilib. Daha sonra avtomobil cərimə meydançasına aparılıb. Sürücü İsa Hümbətov polis tərəfindən saxlanılıb, ifadəsi alınıb.

Paytaxtda baş verən daha bir hadisədə isə sürücü avtmobilin idarəetməsini itirərək maşını aşırıb. Bu yol qəzası Bakı-Ələt yolunda olub. Paytaxt istiqamətində hərəkətdə olan  "Hundai Tucson" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına çıxıb və aşıb. Qəza nəticəsində sürücü yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobildə öz ailə üzvləri ilə olub. Hadisənin havanın yağışlı olması səbəbindən baş verdiyi bildirilir. 

Vüsalə Camal