• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1630
— 03.05.2016 10:06

“Beynəlxalq söz və mətbuat azadlığı günü” qeyd olunur

Hər bir ölkənin mədəniyyətinin inkişafı ədəbiyyatın inkişafı ilə bağlı olduğu kimi, onun  siyasi vəziyyəti də mətbuat azadlığı ilə bağlıdır. O xalq xoşbəxt və azaddır ki, onun mətbuatı azad və müstəqil olsun. 

Mühüm milli qüvvələrdən biri olan olan mətbuat, cəmiyyət həyatında çox böyük rola və əhəmiyyətə sahib olmaqla bərabər, eyni zamanda dördüncü hakimiyyət hesab olunur. Buna görə də, kütləvi informasiya vasitələri xalqın milli nümayəndəliyini öhdəsinə götürən, onun görüşlərini ifadə edib yayan ictimai nəzarətçidir. Hökumətin fəaliyyətini bir an belə gözdən qoymayan, ciddi əsaslı tənqidə rəvac verən, nöqsanları açıb göstərən də məhz mətbuat hesab olunur. Buna görə də, müstəqil dövlətlər yerli mətbuata xüsusi önəm verir, onun heç bir qüvvədən aslı olmadan, yalnız demokratik dəyərlərə xidmət etməsinə diqqət yetirir. Kütləvi informasiya vasitələri elmi, siyasi və bəşəri informasiyanı çoxaldır ki, bu da insanların zehninin işıqlanmasına səbəb olur. 

Çox təssüf ki, günümüzdə bu azadlıqdan öz məqsədləri üçün istifadə edən “mətbuat nümayəndələri” də mövcuddur. Əllərindəki  qələmin gücündən öz mənfəətləri  üçün istifadən edən bu kəslər marifləndirici, əyləndirici və ən əsası informasiya təqdim etmə funksiyasını deyil, məhz özlərinə uyğun funksiyaları yerinə yetirirlər. Bu isə birbaşa cəmiyyət həyatına təsir edir, müəyyən problemlər ortaya çıxarır.

Şahin Əliyev- Kəpəz televiziyasının Xəbərlər xidmətinin baş redaktoru:  “Söz və mətbuat azadlığı dedikdə, zənnimcə ilk növbədə məsuliyyət hissi əsas amil kimi nəzərə alınmalıdır. Çünki söz azadlığı, mətbuat azadlığı o demək deyil ki, hər kəs istədiyini yaza, istədiyi fikri bildirə bilər. Təbii ki, təkcə mətbuat orqanları, KİV nümayəndələri yox, hər birimiz azərbaycanlı olaraq, məsuliyyət hissini unutmamalı və bu hissdən çıxış edərək, hərəkət etməliyik”.

Ona görə də, bugünkü jurnalist təşkilatları, müxtəlif dövlətlər söz azadlığı ilə bərabər, eyni zamanda reket jurnalistika ilə də mübarizə aparırlar. Bunun üçün dünya dövlətlərinin, o cümlədən Azərbaycanın da qatıldığı tədbirlər keçirilir, ölkədə şəffaf, müstəqil, eyni zamanda xalqdan başqa heç kimə xidmət etməyən mətbuatın inkişafı üçün mübarizələr aparılır. Belə addımlardan bir 1991-ci il mayın 3 də Namibiyanın paytaxtı Vindhukda atılıb. Regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”i qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü “Beynəlxalq söz və mətbuat azadlığı günü” kimi qeyd etməyi qərara alıb.

Eşqin Zahid