Yol qəzaları. Təəssüf, elə gün yoxdur ki, biz bu ifadəni işlətməyək və hadisələrin acı nəticələri barədə məlumat verməyək. Yenə müxtəlif səbəblərlə eyni nəticələr baş verib. Qeydə alınan qəzalarda 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Cəlilabadda yüksək sürət avtomobilin aşması ilə nəticələnib. Hadisə şəhər mərkəzində baş verib. Gecə saatlarında şəhər sakini Mirəsən Nəbiyev idarə etdiyi “Lada”nı aşırıb. Nəticədə sürücü yerindəcə keçinib. Qəza yerinə BDYPİ-nin, eləcə də rayon polis şöbəsinin rəsmiləri gəlib. İlkin səbəb kimi sürətlə idarə edilən avtomobilin maneəyə çırpılaraq aşması ehtimal olunur.
Sumqayıtda da baş verən qəzada ölüm faktı qeydə alınıb. “Kamaz”la “Opel” toqquşub. Sumqayıt şəhər sakini İsmayıl Abbasovun idarə etdiyi yük maşını Abşeron rayon sakini Şahin Ağayevin avtomobili ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü yerindəcə ölüb, onun avtomobilində olan 2 sərnişin isə ağır vəziyyətdə yaxınlıqda yerləşən xəstəxanalardan birinə aparılıb.
Sumqayıtda qeydə alınan digər qəzada ölüm olmasa da 3 nəfər xəsarət alıb. Bakı-Quba yolunun 47-ci km-də Sumqayıt şəhərinin inzibati ərazisində baş verən yol- nəqliyyat hadisəsi zamanı paytaxt istiqamətində hərəkətdə olan Bakı şəhər sakini 55 yaşlı Salman Orucovun sürücüsü olduğu “Lexus” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Sumqayıt şəhər sakini 60 yaşlı Xəlil Abbasovun idarə etdiyi “Mitsubishi” ilə toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yol kənarına aşıb. Avtomobillərdən biri yolun kənarı ilə hərəkət edən velosipedçiyə dəyib. Qəza nəticəsində avtomobillərdə olan iki sərnişin 55 yaşlı paytaxt sakini İlqar Səfərov və 47 yaşlı Gülnaz Cəbrayılova həmçinin velosipedçi Sumqayıt şəhər sakini 46 yaşlı Nəriman Abbasov xəsarət alıb. Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirir.
İlham Məmmədzadə
- Baxış: 329