• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1534
— 02.05.2016 18:01

Ölkə ərazisində bir neçə yanğın faktı qeydə alınıb

Sonrakı peşmançılıq fayda vermir. Əksər hallarda baş verən yanğınların səbəbi diqqətsizlik olur. Nəticədə illərlə çəkilən əziyyət boşa gedir. Ağdam və Cəlilabadda olduğu kimi. Yaşayış evlərinin yanması iki ailəni çətin vəziyyətdə qoyub. Tovuzda isə 300-dən çox şagird məktəbsiz qalıb.

Ağdamın Quzanlı kəndində məcburi köçkünlər üçün salınan  “100 evlər” adlanan qəsəbədə yanğın baş verib. Ağdamdan məcburi köçkün Yasin Nugayoğluna məxsus 77 nömrəli evin yanar konstruksiyaları və əşyalarının bir hissəsi yararsız hala düşüb. FHN-nin DYMH-nin əməkdaşları tərəfindən hadisə yerinə yanğınsöndürən briqada cəlb olunub. Onların səyi nəticəsində  alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.

Cəlillabadda isə partlayış yanğına səbəb olub. Hadisə rayonun Porsova kəndində Mübariz Tağıyevə məxsus 3 otaqlı evdə qeydə alınıb. Anidən baş verən partlayışdan sonra başlayan yanğın tezliklə bütün otaqlarda yayılıb. Evdəkilər vaxtında xəbər tutaraq oranı tərk etdiklərindən xəsarət alan olmayıb. Cəlilabad yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. 72 kv metrlik ev içindəki əşyalarla birlikdə tamamilə yararsız hala düşüb. Evə bitişik olan tövlə, eləcə də 40 baş xırdabuynuzlu heyvan alovdan mühafizə olunub. İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan qaynaqlanıb.

Tovuzda isə  301 şagirdin təhsil aldığı məktəb binası yanıb. Hadisə rayonunun Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəbin binasında baş verib. Alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Məktəbdə olan 100-ə yaxın şagird oradan təxliyə olunub.

Yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.