Yol qəzalarının qurbanları tək sürücülər və ya sərnişinlər olmur. Bəzən yoldan keçən sadə vətəndaşlar da diqqətsiz sürücülərin törətdiyi qəzaların ya qurbanına çevrilir, ya da sağlamlığından olur. Bu dəfə ölkədə piyadaların vurulması ilə nəticələnən qəzalar barədə xəbərimiz olacaq.
Bakıda əlil arabası ilə hərəkətdə olan qadın vurulub. Yasamal rayonu Şıxəli Qurbanov küçəsində hələlik kimliyi bilinməyən şəxs əlil arabasında yolu keçmək istəyən zaman sürücüsü Rauf Tağıyev olan "Nissan" tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə 1 Saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Hadisəni törədən sürücü isə əraziyə gələn polislər tərəfindən saxlanılıb. O, ifadəsinin alınması üçün polis idarəsinə, avtomobili isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. İlkin ehtimala görə, hadisə avtomobilin normadan artıq sürətlə idarə edilməsi zamanı baş verib.
Xaçmaz rayonunda da sürücü diqqətsizliyi bənzər hadisə ilə sonuçlanıb. Gəndob - Yalama yolunun Xaçmaz şəhəri ərazisində, magistralın 26-cı km-də “VAZ - 2106” yolu keçən 44 yaşlı piyada Təbriz Əfəndiyevi vurub. Ağır vəziyyətdə olan piyada hadisə şahidlərinin yardımı ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsi ilə piyadanın həyatını xilas etmək mümkün olub. Hadisəyə səbəb kimi yenə yüksək sürət göstərilir.
Gəncədə də 27 yaşlı piyada sürücü ehtiyatsızlığından xəstəxanalıq olub. Naməlum avtomobil Şah İsmayıl Xətai prospektində, yol kənarında dayanan Xəqani küçəsi ev 17-də yaşayan İman Əliyevi vurub. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
İman Əliyevə başın yumşaq toxumasının əzniyi, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Bütün faktlar üzrə araşdırma aparılır.
İlham Məmmədzadə
- Baxış: 1735