• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1692
— 30.04.2016 10:19

“Koroğlu” operasının premyerasından 79 il ötür...

Dahi Üzeyir Hacıbəyovun “Koroğlu” operasının böyük sənət nümunəsi olduğunu hamı bilir. Amma heç də hamı bilmir ki, bu əsər ilk dəfə SSRİ-də, o cümlədən Azərbaycanda repressiyaların tüğyan elədiyi 1937-ci ildə tamaşaya qoyulub. Və təbii ki, Azərbaycan Kommunist Partiyasının ciddi nəzarəti altında...

Azərbaycanda ilk opera hələ bu diskussiyalardan xeyli əvvəl, 1908-ci ildə yaradılıb və kifayət qədər uğur qazana bilib. Amma bu, burjua cəmiyyətinin yaratdığı opera sayılırdı.  Hər nə qədər məhəbbət əfsanəsi olan “Leyli- Məcnun” sevgisinə əsaslansa da. Qeyd edək ki, söhbət Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından gedir. Buna görə də “ideologiyasevərlər” düşünürdülər ki, sadə xalq həyatından, xanlıq və bəylik zülmündən bəhs edən opera yazılmalıdır. Bu səbəbdən bəziləri əsərin guya İosif Stalinin sifarişi ilə yazıldığını iddia edir, başqaları Mircəfər Bağırovun xidmətlərini xüsusi vurğulayırdılar. Əslində operanın o dövrdə ərsəyə gəlməsinə bu adamlar birbaşa və ya dolayısı ilə razılıq  verməsəydilər, təbii ki, “Koroğlu” tamaşaya qoyula bilməzdi. Üzeyir bəy belə bir əsər yazmağa sanki bütün ömrü boyu hazırlaşırdı və özünün də qeyd etdiyi kimi o, bu operanı yazmamışdan əvvəl nə az, nə çox, düz 20 il şifahi xalq ədəbiyyatı ilə maraqlanmışdı.  

Uzun sürən ictimai dinləmələrdən sonra qərar verilir ki, həqiqətən, bəstəkar, Əməkdar incəsənət xadimi Üzeyir Hacıbəyovun Azərbaycan xalq musiqisi əsasında yaratdığı “Koroğlu” operası Azərbaycan opera sənətinə böyük töhfədir və müasir opera incəsənətinin əsas tələblərinə cavab verir. Bununla da, opera kütləvi təqdimata buraxılır.

Mərkəzi Komitə “Koroğlu”nun ilk tamaşasının Azərbaycanda Aprel İnqilabının 17-ci ildönümü dövrünə 1937-ci ilin aprelinə salınması barədə tapşırıq verir. Əsərin premyerası uğurlu alınır və bundan sonra imperiyanın paytaxtında 3 günlük nümayişə yollanır. Bu isə daha böyük cəsarət tələb edirdi. Çünki özü-özünü “xalqlar atası” adlandıran Stalin bu operanı izləyəcəkdi. Hər hansı bəyənilməyən nüans isə başda bəstəkar olmaqla bir çox şəxsləri repressiya qurbanı edə bilərdi. Lakin hər şeyə rəğmən əsər uğurla nümayiş olunur. Tamaşadan sonra incəsənət dekadasının iştirakçılarının şərəfinə Kremldə təntənəli qəbul təşkil edilir. Dekada iştirakçıları mükafatlandırılır. Təltif olunanların siyahısına isə Üzeyir bəy başçılıq edir.

Deyilənə görə, “Koroğlu”nun uvertürası Stalinin çox xoşuna gəlib. O bilsəydi ki, 50 il keçəcək və bu musiqi yüz minlərlə insanın azadlıq himninə çevriləcək, bəlkə də, Üzeyir bəy başda olmaqla operanın bütün ifaçılarını elə Moskvadan birbaşa Sibirə sürgün etdirərdi. Deməli, hətta sovet repressiya maşınının dayanmadan işlədiyi 37-ci ilin məhdud çərçivələri içində də ümumbəşəri əsər yaratmaq mümkün idi. Təki insanda Üzeyir Hacıbəyli istedadı, Üzeyir Hacıbəyli vətənpərvərliyi, Üzeyir Hacıbəyli ucalığı olsun!

Eşqin Zahid