• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1677
— 30.04.2016 10:18

Qardaşlaşmış şəhərlər günü...

Qardaşlaşmış şəhərlər dedikdə coğrafi olaraq, bir-birindən uzaq olan yaşayış məskənlərinin mədəni və ticarət əlaqələrilə yaratdıqları birlik nəzərdə tutulur. İlk dəfə 1942-ci ildə SSRİ-nin Stalinqrad və İngiltərənin Kantri şəhərləri arasında bu cür münasibətlərin əsasının qoyulması gələcəkdə digər şəhərlər üçün nümunə olub.  Bu hadisədən 15 il sonra, yəni 1957-ci il aprelin 30-da Fransada Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası yaradılıb. İndiyədək adıçəkilən Federasiyaya 4000-dən artıq şəhər üzv olub. 

Daim inkişaf edən Azərbaycan şəhərləri də öz növbəsində dünyanın bir çox yaşayış məskənlərilə qarşılıqlı mədəni, iqtisadi və dostluq münasibəti yaradıb. Ölkəmiz başda paytaxt Bakı olmaqla, dünyanın irili-xırdalı böyük şəhərləri ilə qardaşlaşma siyasəti aparır.  Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə də bu mədəni prosesdə yaxından iştirak edir. Onun qardaşlaşma siyasəti apardığı bir çox şəhərlər var ki, onlardan biri də azərbaycanlıların kompakt yaşadığı Təbrizdir. İlk dəfə Gəncə rəsmiləri qardaşlaşma təşəbbüsü ilə Təbrizə yollanaraq, orda bir sıra görüşlər keçiriblər. Hər iki şəhəri yeni müstəviyə daşıyan səfər, sözsüz ki, müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə xidmət edir. Uyğun olaraq, təbrizli qonaqların Gəncəyə səfəri və Nizami yurdu ilə tanışlıq da xoş xatirələrlə yadda qalıb.

İsmayıl Cabbarzadə - İranın Şərqi Azərbaycan vilayətinin valisi: “Tarixən Gəncə ilə Təbriz arasında mədəni münasibətlər olub.  Cənab icra başçısı ilə şəhərlər arası münasibətləri müzakirə etdik, cənab səfir və konsul da bizə qoşuldu. Qərara gəldik ki, bundan sonra daha sıx şəkildə gediş-gəliş olsun, elm və mədəniyyət sahəsinin nümayəndələri konfranslar təşkil etsinlər”.

Yaradılan əməkdaşlıqda başlıca olaraq, elmi-mədəni münasibətlər üstünlük təşkil edir ki, bu da şəhərlərin inteqrasiyasını daha da sürətləndirəcək. Təbrizin tarixi ilə yaxın tanışlıq, onun ictimai həyatının öyrənilməsi, uyğun olaraq, Gəncənin mədəni həyatına baxış, adət-ənənlərlə tanışlıq zamanın tətiklədiyi mütərəqqi hadisə olaraq qiymətləndirilir.

Qeyd edək ki, Gəncə Təbrizdən başqa Moskva, İzmir, Dərbənd və digər şəhərlərlə qardaşlaşma münasibətləri quraraq, istər şəhərin, istərsə də ölkənin mədəni əlaqələrini gücləndirir.

Eşqin Zahid