• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 30.04.2016 10:17

Sınaq imtahanları ilə bağlı mütəxəssislər nə deyir?

Həyatın özünün başdan-başa sınaqlarla bol olduğu bir zamanda sınaq imtahanları da nəfəs almaq kimi adi məqama çevrilib. Hələ 2-3 yaşından danışa bilən körpənin valideynləri arasında qaldığı iki variantlı sistemlə insan övladı həyatın necə olduğunu aydın görə bilir. İllər keçir, o körpə məktəbə gedir, təbii ki, burda da sınanır. Vaxt ötdükcə isə həyatının həll olunacağı, 11 il aldığı təhsilin 3 saatlıq imtahanla ölçüləcəyi günü gözləyir. Zamanla həyəcanlanma, kodlaşdırmada səhv etmə, sualları düzgün oxuma vacibliyi və bu kimi digər məqamlar abituriyentlər üçün doğmalaşır. Yüksək nəticə əldə edib ən qabaqcıl universitetlərin tələbəsinə çevrilmək arzusunda olanlar sınaq imtahanları vasitəsiylə həm həyəcanlarının öhdəsindən gəlməyi öyrənir, həm də bilik və bacarıqlarının hansı səviyyədə olduğunu müəyyənləşdirirlər.

Hökmran Qocayev - mütəxəssis: “Abituriyentlərin vaxtlarını düzgün bölməsində sınaq imtahanlarının faydası var. Onlar özlərində qərarlaşdıra bilirlər ki, hansı fənnə nə qədər vaxt ayırmalıdırlar, hansına xüsusi yanaşmalıdırlar. Həm də onlar qəbul imtahanında edəcəkləri səhvləri sınaqlarda edərək, bu hala hazırlıqlı olurlar, səhv etmirlər”.

Mütəxəssislər hesab edirlər ki, sınaq imtahanları daha çox aprel və may aylarında aparılmalıdır. Buna səbəb isə sınaq zamanı düşəcək sualların dərs proqramı ilə uyğunlaşmasıdır. Belə ki, suallar daha çox şagirdlərin öyrəndikləri dərs ardıcıllığı ilə seçilir. Yəni 11-ci sinfin dərs proqramında sonda olan mövzular ilk sınaqlardakı sualları kifayət qədər əhatə etmir. Sınağa gedən abituriyent isə yüksək nəticə göstərərək, müəyyən qədər arxayınlaşır. Bu səbəbdən də tam dərs proqramını əhatə edən sınaqlardan alınan nəticələrə güvənmək daha məsləhətlidir. Hazırda ölkəmizdə ən şəffaf sınaq imtahanları TQDK tərəfindən həyata keçirilir.

Nəsimi Məmmədov  -TQDK-nın Gəncə Regional Bölməsinin sədri: “Yaxşı olardı ki, sınaq imtahanının qeydiyyatından keçən uşaqlar sınaqlarda fəal iştirak edərdilər. May ayının 8-də yekun sınaq imtahanları keçiriləcək. Buna da artıq qeydiyyat başa çatıb. Bununla da respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanları üçün keçirilmiş sınaq imtahanlarına yekun vurulub. Burda əsas məqsəd abituriyentlərin imtahanlara tam hazır olmasıdır”.

Unutmaq olmaz ki, insan həyatını dəyişən vacib amillərdən biri də onun təhsilidir. İmtahan nə qədər çətin və həyəcanlı olsa da, məqsədə gedən yolda xoş bir xatirəyə çevrilə bilər. Abituriyentlərin hər birinə tələbə adını qazanmaq diləyilə...

Almaz İbrahimova