• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 29.04.2016 10:06

Həm milli, həm də sirli rəqslər...

Rəqs etməyi sevənlər üçün məkanın və zamanın önəmi elə də vacib deyil. Necə deyərlər sümüyə düşən bir ritm kifayətdir ki, əl açıb oynayasan. Dünyada saysız rəqslər və onlara münasib müxtəlif hərəkətlər olsa da, hər bir millətin öz tarixinə və coğrafiyasına uyğun oyunları daha məşhurdur. Necə ki, okeanın o tayında “break dance” aktualdır, vətənimizdə isə Qafqaz rəqsləri. Şadlıq və sevincin nümayiş olunduğu əyləncə anlarında yəqin ki, bir “Yanıq Kərəmi” və ya “Tərəkəmə” çalınmasa olmaz. Hər çalınan havaya qol açmayana qəribə baxıldığı bir dövrdə yalnız yallı ilə kifayətlənmək isə məqsədəuyğun deyil. Bu səbəbdən də necə ki, Avropada uşaqlar baleti öyrənir, ölkəmizdə isə bu Qafqaz rəqsi ilə əvəz olunur. Sonuncunu maraqlı və gözalıcı edən isə onun hərəkətlərində olan qeyri-adilik və sirli məqamlardır. Atalarımızdan bizə yadigar qalan bu rəqslər arasında dərin və əfsanəvi tarixə malik olanlar “Uzundərə” və “Cəngi” rəqsidir. Azərbaycanın dilbər guşələrindən olan Qarabağdan nəfəsini alan “Uzundərə” rəqsinin maraqlı tarixçəsi var. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olub, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib, rəqs ediblər. Zamanla bu rəqslər əhali arasında geniş yayılmağa başlayıb. Başqa bir rəvayətə görə isə gəlin aparmağa gələnlər Qarabağ dağlarının arasından keçərkən bu rəqslə sevinclərini bildirib, gəlinə xeyir- dua veriblər.

Sənan Cavadzadə -Gəncə Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının baletmeysteri: ““Uzundərə”rəqsi bəy ilə xanımın ifasında olur. Bu rəqsdə olan hərəkətlər iki gəncin hisslərini ifadə edir. Onlar əl hərəkətləri ilə bir-birlərinə olan sevgilərini nümayiş etdirməyə çalışırlar. Hər bir rəqsin öz mənası olduğu kimi, bu oyunda da iki gəncin hissləri və bir-birlərinə demək istədikləri göstərilir”.

İgidlikləri ilə tarix yazan Oğuz tayfalarının adından gələn cəngi rəqsi türklərin əzəmətinin bariz nümunəsidir. Rəqs cəngavərlik yerişini və meydan oxumanı əks etdirir. Rəvayətə görə, bu rəqsdən qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə istifadə olunub.  Rəqsdəki elemetlərdə döyüş ruhu açıq-aydın özünü göstərir. Rəqs müasir dövrə uyğun olaraq yeni tərzdə də hazırlanıb.  

Sənan Cavadzadə -Gəncə Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının baletmeysteri: “Gördüyünüz kimi bu rəqsdə qələbə çalmaqdan bəhs olunur. Yəni bu, döyüşdə qalib gələnlərin rəqsidir. Bu rəqs yeni tərzdə qoyulub. Burda qılınc oynatmaqdır, nağara ilə hərəkətlərdir. Hərəkət kompozisiyalarında Qobustan qayaüstü rəsmlərinə istinad özünü göstərir”.

Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki, var. Hazırda gənclər arasında xarici rəqslərə üstünlük verilsə də, milli rəsqlər də öz gücünü qorumağa davam edir.

 

Almaz İbrahimova