• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1521
— 15.10.2014 14:40

Ölkədə quşçuluq üzrə damazlıq təsərrüfatlarının olmaması narahatlıq yaradır

Son zamanlar ölkədə quşçuluq məhsullarının istehsalı 1.5 dəfə artıb. Quş ətinə olan tələbat isə daxili istehsal hesabına demək olar ki, tam ödənilir. Lakin quşçuluqla məşğul olan sahibkarların qarşısında bir sıra çətinliklər var.

2013-cü ilin sonunadək ölkədə yumurta istehsalı 1 milyard 401 milyon ədəd, quş ətinin istehsalı isə 97.5  min tona çatdırılıb. Ölkədə quşçuluq sahəsi üzrə dinamik inkişaf qeydə alınsa da, bu sahə üzrə mütəxəssis Mahir Hacıyev quşçuluq sənayesinin qarşısında bir neçə problemlərin olduğunu bildirir. Müsahibimiz respublikada damazlıq təsərrüfatlarının olmamasından narahatdır.

Mahir Hacıyev- Dünya Quşçuluq Elmi Assosiasiyasının Azərbaycan filialının sədri: "Bəzi quşçuluq fabriklərinin tərkibində damazlıq təsərrüfatları yaradılıb. Sadəcə olaraq o təsərrüfatlarda yüksək məhsuldar quş krosslarının genetik potensialının tam aşkar edilməsində xüsusi  laboratoriyalar lazımdır. Dövlət himayəsində olan dayaq sınaq stansiyaları lazımdır".

Dayaq sınaq stansiyalarında respublika ərazisinə daxil olan quşların fizioloji xüsusiyyətləri və xəstəliklərə davamlılığı, ölkə şəraitində yetişdirilmə səviyyəsi yoxlanılmalı, sonra isə təsərrüfatlara veriləməlidir. Sahibkarların qarşılaşdıqları çətinliklərdən biri də yem məhsulları ilə bağlıdır.

Mahir Hacıyev- Dünya Quşçuluq Elmi Assosiasiyasının Azərbaycan filialının sədri: "Düzdür, Balakən, İmişli, Gəncəətrafı rayonlarda yem istehsal edən zavodlar da tikilib. Lakin yemin keyfiyyəti və quşun onu tam mənimsəməsi konversiyası, yemin məhsula çevrilməsi kimi problemlər respublikada tam öyrənilmir".

"Əhalinin ərzaq məhsullarına olan tələbatının  etibarlı  təmanatı" na  dair  dövlət proqramına əsasən  ölkədə 11 quşçuluq fabrikinin açılması nəzərdə tutulub.  Artıq 8 quşçuluq fabriki tikilərək istifadəyə verilib.

Aidə Ramizqızı