• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1642
— 28.04.2016 10:11

Dünyaya baxan xanım...

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması tam dəqiqləşir. Görkəmli oftalmoloq alim 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Məhz onun qızı olması Zərifə xanımın həyatına təsirsiz ötüşməyib. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur. Oftalmologiya dərindən bələd olmaq arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə gətirir və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək, həkim-oftalmoloq ixtisasına yiyələnir. 

O dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı və traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. İnsanları bu müdhiş bəladan xilas etmək, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq tələb olunurdu. Zərifə xanım Əliyeva məhz belə bir dövrdə Moskvadan vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır.

O, elmi istiqamətlərinin ilkin mərhələsini insanlar arasında geniş yayılan traxoma xəstəliyinin müalicəsinə həsr edir. Konkret müalicə təcrübəsindən başqa alim Azərbaycanda bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, traxoma ocaqlarını aşkar edir. Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparır.  

Gültəkin Əsgərova- oftalmoloq: “Zərifə xanım traxomanın profilaktikası və müalicəsində böyük töhhfələr qoyub. Peşə xəstəliklərinin gözə olan təsirini öyrənib və bu sahədə geniş tədqiqat aparan alim Bakı Kondisionerlər zavodunda laboratoriya açaraq, böyük uğurlar əldə edib”.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə, ən mötəbər mükafatlardan olan SSRİ Tibb Elmləri Akademiyasının “Mixayıl Averbax”  adına mükafata layiq görülür. Qeyd edək ki, Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk alim qadın idi.

Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər öz qiymətini heç vaxt itirməyəcək.

Eşqin Zahid