Bu günə xəbərlərin oxunma sayı: 1754
— 15.10.2014 14:49

Samux və Göygöldə 9 ayın sosial-iqtisadi inkişafının yekunları ətraflı müzakirə olunub

Yığıncaqlarda rayonun sosial-iqtisadi sahələrinin daha da inkişafı üçün həyata keçiriləcək layihələr və qarşıda duran digər vəzifələr ətraflı müzakirə edilib. 

Samuxda ilin 9 ayında ümumi məhsul buraxılışının həcmi 75 milyon manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında məhsul istehsalı 1,6 faiz artıb. Hesabat dövründə Sahikarlığa Kömək Milli Fondu tərəfindən yerli sahibkarlara 143 layihə üzrə 2 milyon 878 min manat güzəştli kredit verilib. Nəticədə 840 yeni iş yeri yaradılıb. Bu il 10 min hektar sahədə səpin aparılıb. Əkin sahələrini normal su ilə təchiz etmək üçün 12 yeni subartezian quyusu qazılıb. Heydər Əliyev fondunun təşəbbüsü ilə 100 yerlik 2 uşaq bağçası yaxın günlərdə istifadəyə veriləcək.

Göygöldə isə hesabat dövründə ümumdaxili məhsul istehsalının və xidmətlərin həcmi 146 milyon manata çatıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 156 sahibkara 5 milyon manatdan çox güzəştli kreditlər verilib. Əsas kapitala 62 milyon manat investisya qoyulub. Nəticədə 593 yeni iş yeri yaradılıb. Hesabat dövründə əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev parkında ulu öndərin adını daşıyan mərkəz, Dövlət Bayrağı Meydanı və Dövlət Rəmzləri muzeyi, Gənclər mərkəzi, Rayon Olimpiya İdman Kompleksi istifadəyə verilib. Rayonun almanlar tərəfindən salınan 6 küçəsi 2 əsr əvvəlki görkəmində təmir olunub. Şəhriyar və Bəhrəmbağ kəndlərində yeni təhsil ocaqları, Köşkü kəndində tibb məntəqəsi tikilərək istifadəyə verilib. Çaykənd, Xəqani, Qızılca kəndlərində uşaq bağçaları və kitabxana əsaslı təmir olunub. Hazırda Üçbulaq kəndində yeni məktəb binasının, Zurnabadda tibb məntəqəsinin, Göygöl şəhərində və Yeni Qızılca kəndində isə uşaq bağçalarının tikintiləri davam etdirilir. Cari ilin arxada qalan dövrü ərzində Göygöl şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi də uğurla yekunlaşıb. Yığıncaqda rayonun sosial-iqtisadi sahələrinin daha da inkişafı üçün həyata keçiriləcək layihələr və qarşıda duran digər vəzifələr ətraflı müzakirə edilib.