Bu günə xəbərlərin oxunma sayı: 1384
— 26.04.2016 17:30

Ucqar dağ kəndlərində hələ də müəllimlərə ehtiyac var

Məsələn, Göygölün kəndlərində 9 orta məktəbə bu tədris ilində 10 pedaqoq gəlib. Amma rayonda yenə də müəllim çatışmazlığı hiss olunur. Rayon təhsil şöbəsi növbəti dərs ilində bu problemin aradan qalxacağına ümid edir. Bəs həmin kəndlərdə işləməyə gedən gənc müəllimlər bundan razıdırlarmı?

Səltənət Qurbanova ötən ilin sentyabr ayında təyinatla rayon mərkəzindən 30 km aralı olan Göygöl rayon İbrahim Mahmudov adına Çaylı kənd orta məktəbinə gəlib. Gəncədə orta və ali məktəbi bitirən qəhrəmanımız burada ixtisasına uyğun olaraq Azərbaycan dili və ədəbiyyat fənnindən dərs keçir. Təhsil Nazirliyinin pedaqoqlar arasında keçirdiyi imtahanda yüksək bal toplayan və iki müsabiqədən keçən Səltənət Qurbanova iş yeri kimi məhz bu kənd məktəbini seçib. Çünki...

Səltənət Qurbanova- müəllim: “Burada qalmağım üçün hər bir şərait yaradılıb. Dərslərimi keçirəm, dövlət də bunu maddi cəhətdən təmin edib. Həvəsləndirmə deyilən  H2 məzmunda kirayə haqqı, yol pulu daxil olmaqla təmin olunmuşam”.

Məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənni müəllimi üçün vakant yer 2014-cü ildən boş olub. Məktəb rəhbərliyi bununla bağlı Təhsil şöbəsinə müraciət edib.

Aqif Hüseynov- məktəbin direktoru: “2014-2015-ci tədris ilinin sonunda Azərbaycan dili Ədəbiyyat müəlliməmiz 65 yaş həddi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib. Müəllimə gənc olmasına baxmayaraq, keçirdiyi açıq dərslər, dərs dinləmələr müəllim və şagird kollektivi tərəfindən çox bəyənilib”.

Gənc pedaqoqun işindən təkcə rəhbərlik yox, şagirdlər də razıdır.

Dəyanət Məmmədova- şagird: “O gələndən bizə çox köməkliklər edib. Keçən ildə bilmədiklərimizi bizə öyrədib. Daha çox irəli getməyimizə köməklik göstərib”.

Gültəkin Hüseynova- şagird: “Biz ona təşəkkür edirik. Biz fəxr edirik ki, bizim belə gözəl sevimli Səltənət müəlliməmiz var”.

Son bir-neçə ildə ölkənin əyalətlərində müəllim çatışmazlığı problemi qismən həll edilib. Buna baxmayaraq, Göygöl rayonu üzrə ucqar kənd məktəblərində 4 pedaqoqa ehtiyac var.

Ələkbər Hüseynov- Göygöl rayon Təhsil şöbəsinin Kadrlar üzrə baş məsləhətçi: “Çaylı kənd orta məktəbində biologiya ixtisası üzrə, rayon Quşçu kənd orta məktəbində isə ibtidai sinif və fiziki tərbiyə müəllimi ixtisası üzrə kadrlara ehtiyac var. Tədris ilinin sonuna kimi ola bilsin ki, vakant yerlər artsın”.

Bura biologiya fənni sinfidir. Rayon təhsil şöbəsi ümid edir ki, növbəti tədris ilində bu sinifdə də gənc, işləmək həvəsi olan pedaqoqlar dərs deyəcək. Bundan hamı qazanacaq: həmin pedaqoqun özü də, şagirdlər də, Azərbaycanın təhsili də... 

Elnur Vahidoğlu