• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3485
— 15.10.2014 11:27

Paytaxtımızda Bakı-2015 İlk Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışı keçiriləcək

Oktyabrın 18-də paytaxtımızda Bakı-2015 İlk Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışı keçiriləcək.

Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən yarış dağ velosipedi parkında (yeni avtovağzalın arxası) baş tutacaq.

Birgünlük yarış çətinlik dərəcəsinə görə Beynəlxalq Velosipedçilər İttifaqının 3-cü kateqoriyasına aiddir. Sınaq turnirində 10 qadın və 30 kişi idmançının iştirakı planlaşdırılır. İştirakçılar Beynəlxalq Velosipedçilər İttifaqının reytinq siyahısına əsasən xüsusi dəvətlə seçilib. Azərbaycan yığma komandasının 3 kişi üzvü də bu yarışda iştirak edəcək.

Sınaq yarışının keçiriləcəyi velosiped trasında hazırda son tamamlama işləri gedir. Qeyd edək ki, proqrama əsasən qadınların mübarizəsi saat 10:00-da, kişilərin yarışı isə saat 13:30-da başlayacaq.

Dünya şöhrətli velosipedçilərin ekstrimal çıxışlarını izləmək arzusunda olan idman həvəskarlarının asanlıqla yarış yerinə gəlmələri üçün təşkilatçılar tərəfindən xüsusi avtobuslar ayrılacaq. Oktyabrın 18-i, səhər saat 08:00-dan etibarən hər 10 dəqiqədən bir metronun "20 Yanvar" stansiyasından üzərində Bakı-2015-in rəsmi loqosu olan avtobuslar tamaşaçıları birbaşa yarış yerinə çatdıracaq.