• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 26.04.2016 10:14

Yanğınsöndürənlərin təlim sərgüzəştləri...

Yanğınsöndürmə komandaları və onların xüsusi avadanlıqları təlim prosesində şərti yanğınları söndürərək, xəsarət alanları xilas etməlidir. Bu, Həştərxanda yanğınsöndürənlərin bilik və bacarığının təkmilləşdirilməsi üçün keçirilən təlimin əsas prinsipi sayılır və görülən bütün işlər hakimlər heyəti tərəfindən qiymətləndirilir. Yanğınsöndürmə idarəsinin baş çavuşu Sergey Artmanov bu sahədə yeni olsa da, 1 illik iş təcrübəsində həyatını bir neçə dəfə təhlükəyə atıb.

Sergey Artmanov- yanğınsöndürən:  “Bu işdə ən çətin məqam riskdir. Qeyd edim ki, bütün yanğınlar eyni olmur və hər dəfə yanğın zamanı insanlar özlərini müxtəlif cür aparırlar”.

Təlim xarakterli bu tədbirdə 10 nəfərdən ibarət 5 komanda növbə ilə iştirak edir. Çıxış siyahısında sonda gələnlərin üstünlüyü ondan ibarətdir ki, onlar özlərindən qabaqkı komandaların səhvlərini görüb nəticə çıxara bilirlər.

Təlim iştirakçısı: “Biz çıxışımızı ən sonda edəcəyik və bilirik ki, əvvəlki komandaların səhvləri nədən ibarətdir. Çalışırıq ki, həmin səhvləri təkrarlamayaq”.

Məşq zamanı komandaların ən xırda səhvləri belə hakimlərin gözündən yayınmır. Bu isə ümumi nəticələrə birbaşa təsir göstərir. Hakimlər hesab edirlər ki, yanğın zamanı ən xırda detal belə insan həyatına təsir edəcək önəm daşıyır. Hakimlərin diqqət yetirdikləri digər bir məqam isə yanğınsöndürənlərin insanları köçürmələri zamanı onlara hansı formada ilkin yardım göstərmələridir.

Yanğınsöndürən: “Təlimdən fərqli olaraq, həyatda hadisələr tamam başqa cür cərəyan edir. Adətən çoxmərtəbəli binaların bir necə girişi və çıxışı olur, üstəlik həyətdəki avtomobilləri də bura əlavə etdikdə işimizin nə qədər çətin və məsuliyyətli olduğunu təsəvvür etmək elə də qəliz deyil”.

Qeyd edək ki, ötən il Həştərxan komandası 80 yanğını söndürərək, 500-ə yaxın insanın həyatını xilas edib. 

Eşqin Zahid