• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2611
— 25.04.2016 16:12

Qərb bölgəsində QİÇS-ə yoluxanların sayı artıb

Qərb bölgəsində ötən illərə nisbətən QİÇS-ə yoluxanların sayı artıb. Hazırda Republikamızda bu xəstəlikdən əziyyət çəkən təxminən 2 min nəfərin böyük bir qismi məhz bu regionun payına düşür. Statistikaya əsasən Azərbaycan vətəndaşlarının bu xəstəliyə yoluxma halları isə əsasən xarici ölkələrdə baş verir.   

Azər Hüseynov- QİÇS-ə yoluxan: “Uzun illər Rusiyada alverlə məşğul olmuşam. Həmin vaxt bir xanımla tanış olmuşdum və bir neçə ay münasibətimiz oldu. Üç il bundan qabaq Gəncəyə qayıdanda mən həkimə müraciət elədim. Müayinə olunandan sonra məlum oldu ki, məndə QİÇS virusu var. Mən cavanlara məsləhət görərdim ki, həyatlarına diqqət eləsinlər. Çünki bir dəfə edə biləcəyiniz səhv sizi uçuruma aparır”.

Şərti adı Azər olan bu şəxsin 35 yaşı var. O, Qazanılmış İmmun Çatışmazlığı Sindromu - QİÇS-ə yoluxub. Coğrafi və sosial sərhəd tanımayan bu xəstəliyə milliyətindən, dinindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir insan yoluxa bilər. Həkimlər bildirir ki, burada yeganə vacib faktor insanın həyat tərzidir. Qərb bölgəsinin 11 rayonunu əhatə edən QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasında ilin əvvəlindən indiyə kimi müayinələr zamanı 20 nəfərin virus daşıyıcısı olmasına şübhələr yaranıb. Onların qan nümunələri daha dəqiq analiz aparılması üçün Respublika QİÇS Mərkəzinə göndərilib.

Afaq Əsədova- QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının müdiri: “Üç yolla yoluxur - cinsi, qan, bir də hamiləlik dövründə ya doğuş zamanı, ya da uşağı əmizdirən zaman. Bu müayinədən mütləq risk qruplu xəstələr keçməlidir. Buna aiddir dəri-zöhrəvi xəstələri, vərəmli xəstələr, narkomanlar, məhbuslar, hamilələr mütləq bu testdən keçməlidirlər. Qanlar yoxlanılır və reaktiv olunanlar göndərilir Bakıya mərkəzə. Orada imnablot üsulu ilə yoxlanılan müsbətlər təsdiq olunur”.

Mərkəzdə müayinə edilən hər bir şəxsin anonimliyi qorunur. Buna görə də hər bir şəxs qınaq obyekti olmaqdan qorxmadan, əminliklə müayinədən keçə bilər.

İnsanın bu virusdan yoluxma şübhəsindən çıxmaq üçün yeganə yol laborator müayinədən keçməkdir. Həkimlərin fikrincə istənilən tibb müəsisəsinə müraciət etmək vacib olan amillərdəndir.

BMT-nin məlumatına görə, hər il dünyada yüz minlərlə insan Qazanılmış İmmun Çatışmazlığı Sindromundan vəfat edir. Bunu nəzərə alaraq 1991-ci ildən Yoluxucu xəstəliklər xəstəxanasında fəaliyyət göstərən QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyası da risk qrupuna aid olan insanları mütəmadi olaraq müayinədən keçməyə çağırır.

Elnur Vahidoğlu