• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1705
— 25.04.2016 10:06

Həmidə Ömərova və Məmməd Bürcəliyev…

Uzun illərdir kino sənətində qəhrəmanların dilində danışan Xalq artisti Həmidə Ömərova 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub. Aktrisa Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil aldıqdan sonra 1979-1993-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.

Həmidə Ömərova kinoda bir-birindən maraqlı və yadda qalan obrazlar yaradıb. “Qızıl uçurum” filmində Şəfiqə,  “Anlamaq istəyirəm” filmində Çinarə, “Yol əhvalatı” filmində Zümrüd obrazları sənətkarın yaradıcılıq obrazlarının parlaq səhifələrindəndir.

Həmidə Ömərova- Xalq artisti: “Əslində biz 4 il Moskvada təhsil alanda, səhnədə obrazlar yaratmışıq. Lakin mən gəldikdən sonra bir sıra filmlərə çəkildim ki, teatra vaxt qalmadı. Məsələn, mənim qrup yoldaşlarım, mənimlə oxuyan tələbələr müxtəlif teatrda işləyirlər. Lakin mən bir roldan o biri rola, bir filmdən o biri filmə qaçırdım deyə teatrda işləməyə vaxt qalmırdı”.

Azərbaycan kinosunun bir çox tanınmış aktyorlarının rol aldığı “Yol əhvalatı” filmində şən və xeyirxah sürücü, gənc Mustafanın gözəl Zümrüdlə  evlənmək arzusundan bəhs edir. Atasının onu başqa biri ilə evləndirməsinə qarşı etiraz edə bilməyən Zümrüd çarəsizliyi ilə barışsa da Mustafanın öz sevgilisinə qovuşması üçün çalışması  nəticəsində onlar qovuşur. Həmidə xanım bu obrazı real azərbaycanlı qızı kimi canlandırıb və onun sevilməsi də məhz bu təbiilikdən irəli gəlib.

Bu gün eyni zamanda, Məmməd Bürcəliyev dünyaya göz açıb. Şəkidə beşillik orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək məqsədilə Bakıya gedərək  Karl Libknext adına fabrik-zavod məktəbinə daxil olur. Həmin məktəbdə fəaliyyət göstərən dram dərnəyində dərs almağa başlayır. Aktyorluq sənəti  zaman keçdikcə həyatının ayrılmaz bir  hissəsinə çevrilir. Dramatik və komik rolların mahir ifaçısı olan sənətkar teatrda xarakterik obrazların öhdəsindən bacarıqla gəlir. Yaratdığı personajları insanların müasirinə çevirir, onları fərdi yaradıcılıq süzgəcindən keçirərək pisi pis, yaxşını yaxşı kimi cəmiyyətə tanıdır.

Cavidan Bürcəliyev- oğlu:  “Çox səmimi, ağayana, qonaqsevən adam idi. Uşaqla uşaq, böyüklə böyük kimi davranırdı. Heç vaxt lovğalığı, yekəxanalığı sevməzdi. Onun ən çox sevdiyi obraz, “Əfqanın qız atası” əsərində “Cavad” obrazı idi”.

Aktyorun “Dəli Kür” filmində yaratdığı Allahyar obrazı mənfi xarakterli tipaj kimi təqdim olunsa da, əlindən alınmış xanımını geri qaytarmağa, ləkələnmiş namusunu təmizləməyə çalışan insan olduğuna görə, qınaq obyektinə də çevrilmir. Allahyarın mənfi cəhətlərini aktyor fərdi yaradıcılıq improvizələri ilə dəqiq çatdırıb.

Eşqin Zahid