• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1634
— 23.04.2016 10:08

Gələcək üçün keçirilən bayram…

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən uşaqlara hədiyyə olunan bayram son illərdə dünyanın bir çox ölkələrində təntənəli şəkildə qeyd edilir. 1927-ci ildən keçirilən bayram, xüsusilə, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətində geniş miqyasda baş tutur. Təşkil olunan müxtəlif tədbirlər bir çox ölkələrin iştirakı ilə yadda qalır. Son bir neçə ildir, Azərbaycan da tədbirin əsas iştirakçısıdır. TRT və YUNESCO-nun təşkilatçılığı ilə 1979-cu ildən kütləvi hal alan şənliklərə rəng verənlər isə, təbii ki, uşaqlardır. Onların hazırladıqları və bütün dünyaya təqdim etdikləri müxtəlif rəqslər və səhnəciklər insanlar tərəfindən maraqla qarşılanır. Hər il bu tədbiri izləmək üçün minlərlə turist Türkiyəyə səfər edir.

Bayram müddətində dünyanın dörd bir yanından Türkiyəyə gələn uşaqlar ölkələrinin mədəniyyətini təmsil edərək, öz xalqlarına məxsus adət-ənələri rəqsləri, şeirləri ilə nümayiş etdirirlər. Bundan başqa ölkəyə səfər edənlər bir gün müddətində türk ailələrində qonaq olur və orda gecələyirlər. Məqsəd türk uşaqlarının böyüdüyü mühit, onların ailə şəraitini tanıtmaqla bərabər, qonaqpərvərliyin nümayişidir. Qeyd edək ki, bayramın digər bir xüsusiyyəti aprelin 23-də bütün idarə və təşkilatların rəhbərliyinə uşaqların keçirilməsidir.  Burada məqsəd ölkənin gələcəyinin onlardan asılı olduğunu izah etmək, uşaqların sağlam vətənpərvər ruhda yetişməsinə töhfə verməkdir.

Milli Suverenlik və Uşaq Bayramı dünya ictimaiyyətinin uşaqların müdafiəsi istiqamətində müharibələrə yox deyərək sağlamlığının qorunması və onların demokratik ənənələrlə düzgün tərbiyəsi üzrə mobilizasiya günüdür. Bu cür tədbirlərin keçirilməsi, daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması istiqamətində atılmış ən önəmli addımdır.

 

Eşqin Zahid