• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3230
— 21.04.2016 16:23

Samux və Göygöldə gənclər peşə seçimi mövzusunda maarifləndiriliblər

“Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu”. Bu mövzu Samux və Göygöldə təşkil edilən dəyirmi masalarda əsas müzakirə predmeti olub. Məqsəd, yeniyetmələrin peşələrinə uyğun işlə təmin edilməsinə yardımçı olmaqdır.

Məktəblilərin peşə seçimi üzrə maraq dairəsini müəyyənləşdirmək, peşəyə uyğun ixtisas seçimində  köməklik göstərmək, valideynlərin bu prosesdə iştirakı Samuxda müzakirə edilib. Prioritet olaraq müəyyən edilən bir çox peşələr haqqında gənclər məlumatlandırılıb.

Xaliq Həsənov- Samux rayon Məşğulluq Mərkəzinin direktoru: "Çox vaxt gənclərimiz peşə seçimində çətinlik çəkirlər, ya da sevdikləri peşəni seçə bilmirlər. Bəzi hallarda valideynlərin təsiri böyük olur. Yəni həkiməm, oğlum həkim olmalıdır, mən polisəm, oğlum polis olmalıdır. Bu fikirlər düzgün deyil. Halbuki o, öz istədiyi peşə və ixtisası seçərsə, gələcəkdə ölkəmiz üçün daha faydalı, daha yaxşı kadr olar. Öz işinin də öhdəsindən yaxşı gələr".

Əmək bazarındakı mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbatı isə göygöllü gənclərə izah edilib. Düzgün peşə seçimi, iş imkanlarının obyektiv qiymətləndirilməsi və bundan səmərəli istifadənin əhəmiyyəti ətrafında müzakirələr aparılıb.

Nazim Cəfərov- Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru: "Söhbət burda nədən gedir, bəli, valideynin də, dostun da, məktəbdəki müəllimin də sözünü eşitmək olar. Amma tədbirdə əsas məsələ ondan ibarətdir ki, yuxarı sinif şagirdləri daha çox öz ürəklərinin, qəlblərinin səslərinə qulaq assınlar".

Bölgələrdə həyata keçirilən məşğulluq tədbirləri gənclərin də bu prosesdə iştirakının təmininə və onların sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb.

Bahadur Şakiroğlu