• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3509
— 21.04.2016 14:19

Gəncədə Kəpəz TV-nin də iştirak etdiyi məzun yarmarkası keçirilib

Azərbaycan Texnologiya Universitetində "Məzun 2016" yarmarkası keçirilib. 40 ildir iqtisadiyyatın müxtəlif sahələri üzrə mütəxəssis hazırlayan universitet, 1500-ə yaxın tələbəyə öz ixtisasına uyğun iş təkliflərilə tanışlıq imkanı yaradıb.

Sadiq Hacızadə- tələbə: "İxtisasım marketinq sahəsi üzrədir. Çalışıram özümlə bağlı məlumatları bütün müəssisələrə təqdim edim. Sonda hansı uyğun olsa, onu da dəyərləndirməyi düşünürəm".

Aynur Xəlilova- tələbə: "Sabirabad rayonundanam. ATU-nun Qida və tekstil məhsullarının mühəndisliyi üzrə 5-ci kursda qiyabi təhsil alıram. İstərdim ki, öz ixtisasım üzrə işləyəm. Bir neçə müəssisəyə - banklara, zavodlara CV qoydum. Hələ ki, uyğun iş yoxdur".

Tələbə: “Banklar üçün CV doldurdum - demək olar ki, burada iştirak edən bütün müəssisələrə verdim”.

Aytac Vəlizadə- tələbə: "Təklif edilən məvaciblər o qədər də yüksək olmasa da, bir tələbə kimi bizi qane edir - təxminən 400-500 manat civarındadır".

Məzun yarmarkasına bölgədə fəaliyyət göstərən müxtəlif dövlət qurumları, emal və istehsal müəssisələri, banklar, Kəpəz Müstəqil Teleradio Şirkəti, eləcə də Gəncə və ətraf rayonların Məşğulluq Mərkəzləri tərəfindən 500-dən artıq iş yeri təklif olunub.

Səbuhi Yusifov- ATU-nun prorektoru: "Bu gün 35-ə yaxın şirkət və müəssisə təmsil olunur. Onların arasında bank sektorundan tutmuş, texnoloji sferanın bütün sahələrinə qədər bir çox şirkətlər var. Tələbələr həm də onların fəaliyyətilə tanış olurlar. Müəssisədən gələn mütəxəssislər tələbələrimizlə söhbətlər aparır, CV-lər götürürlər".

ATU-nun sayca üçüncü dəfədir təşkil etdiyi yarmarkaya Gəncədəki bütün ali təhsil tələbələri dəvət edilib. Burada  şirkətlər öz məhsul və xidmətlərilə bağlı sərgilər də təşkil edib. Təmsil olunan şirkət rəhbərlərilə universitet rəhbərliyinin görüşündə isə tədrisin, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsilə bağlı görülən işlərdən danışılıb.

Xəyalə Mürsəl