• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1523
— 20.04.2016 18:45

Ölkədə kənd təsərrüfatı üzrə ixtisaslaşmaya dair beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində mühüm addımlar atılıb

Artıq respublika mütəxəssisləri tərəfindən kənd təsərrüfatı üzrə ixtisaslaşmaya dair beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda ölkənin iqtisadi və inzibati rayonlarının təbii-iqlim xüsusiyyətləri, statistik göstəriciləri nəzərə alınmaqla xüsusi işlənilmiş metodika əsasında bölgələrin kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşmasına dair rəy hazırlanıb. Regionlar üzrə ixtisaslaşma əmsallarının müəyyənləşdirilməsinə dair təkliflərin verilməsi kimi ideyaların üzərində axtarışlar aparılıb. Kənd Təsərrüfatı Nazirliyinin məsələ ilə bağlı açıqlamalarında belə deyilir. Əməkdaşımız Sərvər Abdullayev isə ixtisaslaşmanın kəndli üçün nə qədər əhəmiyyətli olduğunu araşdırmağa çalışıb.

Azərbaycanda regionların kənd təsərrüfatı məhsullarının istehsalına görə ixtisaslaşması prosesi hələ sovet dövründən həyata keçirilib. Kənd zəhmətkeşləri və eləcə də dövlət iqtisadiyyatı bu ənənəyə uzun illər sadiq qalmaqla yüksək nailiyyətlər əldə ediblər. Son illər isə təsərrüfatçılar öz fəaliyyətlərini tələb və təklifdən asılı olaraq qurduqları üçün ixtisaslaşma məsələsi kölgədə qalıb. Məsələn, Qubada uzun illər meyvəçiliklə məşğul olan fermer bağından gəlir götürə bilmədiyindən öz təsərrüfatının təyinatını dəyişmək məcburiyyətində qalır. Bu tendensiya Qusar, Xaçmaz, Şabran və digər qonşu rayonlara da şamil olunur. Nəticədə ixtisaslaşma məsələsi qismən də olsa unudulub. Buna görə də bu istiqamətdə dövlət nəzarətinə  başlanılıb.

Sahibkar Şirin İlyasov vəziyyəti izah edərkən deyir ki, Sovet illərində planlı təsərrüfatlar olduğu üçün zəhmətkeş becərdiyi məhsulu hara təhvil verəcəyini dəqiq bilirdi, buna görə də həvəslə işləyirdi. Hazırki vəziyyətdə isə sahibkarı düşündürən birinci məsələ satışın necə təşkil olunacağıdır.

İxtisaslaşma aparılarkən regionların iqlim şəraiti mütləq nəzərə alınmalıdır. Çünki hər region üçün xarakterik olan bitkilər seçilməzsə zəhmət də hədər gedər. Bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakıda təşkil olunan kənd təsərrüfatının ixtisaslaşmasına həsr olunan forumun iştirakçısı mütəxəssis Mədət Qurbanov belə deyir.

Şimal regionunda 700 hektar sahədə nümunəvi müasir tipli intensiv meyvə bağı təsərrüfatının yaradılmasının nəzərdə tutulması da ixtisaslaşmada atılan ən önəmli addımlardan sayılır. Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarının ərazisində salınacaq bağlar üçün anket məlumatlarının yığılması davam edir. Noyabr ayından isə bağların salınmasına start veriləcək. Artıq bunun üçün 60-a yaxın sahibkar Quba fermer evinə müraciət edib. Bu müraciətlərin əsasını təşkil edən 300 hektar ərazinin sənədlərinin hazırlanması prosesi gedir.

Bir amili də diqqətdə saxlamaq lazımdır ki, dünya bazarında ölkə məhsulunun rəqabət qabiliyyətliliyinin artırılmasında ixtisaslaşmanın rolu danılmazdır. Odur ki, vaxt itirmədən regionlar üzrə bölünmə işləri aparılmalıdır.

Sərvər Abdullayev