• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3891
— 20.04.2016 18:43

Şəki-Zaqatala bölgəsində tütünçülük hansı inkişaf mərhələsini yaşayır?

Hələ Sovetlər dönəmindən, yerləşdiyi ekvatorial mövqeyinə və iqlim şəraitinə görə, Şəki-Zaqatala bölgəsi tütünçülüyün inkişafı üçün əlverişli sayılıb. Bəs görəsən vaxtı ilə az qala bütün zonanın əsas məşğuliyyəti sayılan tütünçülük indi necə, hansı inkişaf mərhələsini yaşayır?

Əvvəllər Şəki –Zaqatala zonasında tütünçülük əsas məşğuliyyət sahəsi hesab olunurdusa bu gün, pay torpağına sahib şəxslər onu müstəqil şəkildə idarə edir. Kəndlilər, sahibkarlar da təbii olaraq, tələbat olan məhsulların əkilməsinə, yəni gəlir gətirən sahələrə daha çox maraq göstərir. 20 il öncəyə qədər Balakən rayonunun iqtisadiyyatında tütünçülük önəmli yer tutub. Balakəndə yenidən  tütünçülüyün  inkişaf etdirilməsi nəzərdə tutulub. Bu məqsədlə rayonda 300-dən çox ailə ilə müəyyən müqavilələr imzalanıb. Ailələr tütün toxumu və istixanalar üçün polietilen örtüklə təmin edilib. Rayonda əsasən tam qurudulmuş halda satışa çıxarılacaq  ikiyarpaq tütün növü və yaş halda müəssisə tərəfindən sahədəcə alınacaq vercinya növü tütünü əkiləcək. Artıq tütün şitillərinin sahələrə çıxarılmasına başlanılıb.

O zamanlar rayonda istehsal edilən tütünün müəyyən hissəsi Hənifə kəndinin payına düşürdü. Vaxtı ilə 300-350 hektar sahədə tütün becərilən kənddə uzun sürən fasilədən sonra bu il 30 hektara yaxın ərazidə tütün əkilməsi nəzərdə tutulub.

Kənd sakinləri də  tütünçülüyün inkişaf etdirilməsində maraqlıdırlar.Onlar yaxşı nəticə əldə etdikləri təqdirdə gələn ildən etibarən əkin sahələrini daha da artırmaq niyyətindədirlər. Ümumilikdə rayon üzrə isə yaxın gələcəkdə 1000 hektar sahədə tütün bitkisinin becərilməsi nəzərdə tutulub.