Bu günə xəbərlərin oxunma sayı: 1914
— 20.04.2016 18:42

Mərkəzi Aran bölgəsində çəltikçilik və baramaçılığın inkişafı diqqətdə saxlanılır

Əvvəlki illərdən fərqli olaraq bu il pambıq becərən fərdi  təsərrüfatçıların sayı da çoxalıb. Buna səbəb isə pambığın qiymətinin artmasıdır. Ağdaş rayonunda hazırda geridə qalan çəltikçilik və baramaçılığın inkişafı da diqqətdə saxlanılır.

Bu il Yevlax rayonu ərazisində iki min hektar sahədə çiyid səpini aparılacaq.  Artıq bu işin bir hissəsi həyata keçirilib. Uzun illər  istifadələrində olan torpaqlarında pambıq becərməyən fermerlərin bir qismi həmin sahələrə çiyid səpirlər. Belə təsərrüfat sahiblərindən biri də rayonun Kövər kənd sakini Əli Səmədovdur. O deyir ki, sonuncu dəfə 15 il əvvəl pambıq  becərib. Sonra bu məhsulun 1 kiloqramını 40 qəpik civarında satmaq sərfəli olmadığı üçün istifadəsində olan 2 hektar torpaq sahəsində taxıl və yonca  əkib. Bu il isə həmin ərazidə çiyid səpini aparıb,  pambığın 1 kiloqramının 51 qəpiyə  satılması ilə bağlı zavodla müqavilə bağlayıb.  

Yevlax Şəhər İcra Hakimiyyyətindən isə deyirlər ki, son 5 il ərzində rayon ərazisində Əli Səmədov kimi fərdi təsərrüfatçılar pambıq əkini ilə məşğul olmayıb. Rayonda bu iş az miqdarda yalnız Bərdə rayonunda fəaliyyət göstərən pambıq zavodu tərəfindən həyata keçirilib. Bu il rayon ərazisində çiyid səpini aparılacaq sahələrin  1100 hektarı fərdi təsərrüfatçıların , 900 hektarı pambıq zavodunun  payına düşür. Ağdaş rayonunda da 2010- 2015- ci illər ərzində 200 hektar ərazidə pambıq becərilib. Bu il 1270 hektar sahədə pambıq əkini nəzərdə tutulur. Rayonun fermerləri son iki il ərzində çəltik əkini sahələrini də genişləndiriblər. Onlar digər kənd təsərrüfatı bitkiləri ilə müqayisədə çəltikdən daha çox qazanc əldə etdiklərini deyirlər.

 

Məhəmməd Əzizov – Fermer: “Keçən il 2 hektar yarım çəltik əkmişəm. 5 ton çəltiyim olubdu. Döydürmüşəm dəyirmanda 1 manatdan vermişəm. Arpa da əkmişəm, buğda da əkmişəm, çəltik də əkirəm, çəltik onlardan məhsuldardı ona görə çəltik də əkirəm”.

Ağdaş Rayon İcra Hakimiyyətindən bildirilib ki, ötən il 680 hektar ərazidə çəltik becərilib, bu il isə 1000 hektara çatdırılması planlaşdırılır. Ağdaş rayonun Qaradeyn kənd sakinləri sovetlər dönəmində baramaçılqla məşğul olublar. Əvvəllər baramaçılıqla məşğul olan kənd sakini Bəhrəm Əliyev deyir ki, həmin dövrdə  25-30 ton civarında barama istehsal ediblər. O, sonradan baramanın qiymətinin aşağı olması və gəlirin azalması ilə bu sahəyə marağın itdiyini bildirir. Bəhrəm Əliyev hesab edir ki, baramaçılığı yenidən inkişaf etdirmək üçün ilk növbədə yem bazasını təmin edən yeni tut bağlarının salınması vacibdir.

Bildirək ki, bu il rayonda 1 ton 500 kiloqrama yaxın baramanın istehsal ediləcəyi planlaşdırılır. Artıq kəndlərdə əvvəllər baramaçılıqla məşğul olan sakinlərlə maarifləndirici söhbətlər aparılır. May ayının əvvəllərindən isə barama qurdu üçün nəzərdə tutulan toxum istehsalçılara paylanılacaq.

Aqil Məhərrəmov