Bu günə xəbərlərin oxunma sayı: 2451
— 13.04.2016 18:39

Şəmkirli fermerlər istixana şəraitində yetişdirilən kartofun məhsuldarlığından razıdırlar

Yaz fəslinin gəlməsi ilə əlaqədar olaraq artıq nübar məhsulları təkdən bir bazarlarda görmək olar. Artıq Şəmkirin Sabirkənd kəndində qış fəslində istixana şəraitində torpağa verilən kartofun kütləvi çıxarılmasına da başlanılıb. Hektardan 3-4 ton arası kartof götürən fermerlər məhsuldarlıqdan razıdır. Kənd təsərrüfatı mütəxəssisləri isə tələb olunan qulluq qaydalarına əməl olunarsa, bu göstəricinin birə 5 qat arta biləcəyini bildirirlər.

1400 təsərrüfatı özündə birləşdirən Sabirkənd ərazi vahidliyində əhali əsasən əkinçiliklə məşğul olur. Kənddə 400 hektardan artıq istixana sahəsi mövcuddur ki, təsərrüfatçılar burada əsasən faraş kartofun becərilməsi ilə məşğul olur. Məhsuldar və bazar baxımından daha yaxşı qiymətə satılan "Telman" sortuna üstünlük verən Sabirkənd fermerləri, hektara 1000 kq toxum əkdiklərini bildirirlər. 

Eldəniz Xəlilov– təsərrüfat sahibi: “İki istixanam var, hərəsi 3 sotdur- 6 sot. Bura da təqribən 700-750 kq kartof əkirik. 3 sotdan da ən çox alanda 500 kq kartof alırıq”.

Mütəxəssis Kazım Hüseynov isə əkin zamanı tələb olunan 50-yə yaxın aqrotexniki tələblərə əməl olunacağı təqdirdə, məhsuldarlığın 5 qat artıq ola biləcəyini istisna etmir. O, hətta bu istiqamətdə plan da hazırlayıb təcrübədən keçirir.

Kazım Hüseynov– mütəxəssis: “Plana baxsaq, burada 50-yə yaxın aqrotexniki tədbir mövcuddur. Lakin fermerlər təəssüflər olsun ki, bunun heç onda birini həyata keçirmirlər. Bu tələblər yerinə yetirilərsə, xüsusilə torpaq və su mühiti bitkinin tələbatına uyğun hazırlanarsa, faraş və yay əkinlərindən birgə 150-160 ton məhsul almaq mümkündür”.

Bu nəticəni əldə etmək üçün fermerə 1-1.5 il zaman lazımdır. İlkin olaraq kartof əkiləcək torpağın PH-ı (Pe Haşı), suvarma üçün istifadə olunan suyun PH-ı, torpaqdakı qida elementlərinin miqdarı  müəyyənləşdirilməli və torpağın minaral və üzvi gübrələrə tələbatı ödənməlidir.

Kazım Hüseynov– mütəxəssis: “Artıq apardığımız tədqiqatlar göstərir ki, kartof bitkisinin becərilməsi üçün hektara 20-40 ton peyin azlıq edir. Kartof sahələrinin hazırlanması üçün mütləq 400-500 ton peyindən istifadə olunmalıdır ki, bu da bitkinin məhsuldarlığını xeyli artırır”.

Hazırda bəzi qabaqcıl təsərrüfatlarda 60-70 tona yaxın məhsul alınsa da, ümumən  ölkədə  kartofun hektara  məhsuldarlığı  15-16  ton təşkil edir.

Aidə Ramizqızı