Bu günə xəbərlərin oxunma sayı: 1934
— 13.04.2016 18:33

Lənkəranda təbii üsulla becərilmiş xiyarın yğımına başlanılıb

Təbii üsularla becərilmiş meyvə-tərəvəz  dadına, ətrinə, keyfiyyətinə görə fərqlənir. Alıcıların da əksəriyyəti  belə məhsula daha çox üstünlük verir. Lənkəranda artıq bir neçə gündür fərdi təsərrüfat sahibləri nübar xiyarın yğımına başlayıblar. Alıcıları kifayət qədər olan əkinçilər məhsulun  satışında da çətinlik çəkmirlər.

Lənkəranın Kənarmeşə kənd sakinləri ata-babadan əsasən tərəvəzçiliklə məşğul olurlar. Kəndin qocaman sakinlərindən olan 80 yaşlı Səməndər Əzizova indi də həyətyanı təsərrüfatında demək olar ki, bütün tərəvəz bitkilərini əkdiyini deyir. Hazırda isə yanvarın sonunda torpağa köçürdükləri xiyar bitkisindən nübar məhsul dərilir. Təsərrüfat sahibinin bildirdiyinə görə, builki xiyar toxumları o qədər də keyfiyyətli olmasa da, ümumilikdə məhsuldarlıq qənaətbəxşdir. Alıcı sarıdan da çətinlikləri yoxdur.

Səməndər Əzizova - təsərrüfat sahibi: “Toxumumuz yaxşı çıxmadı - saxta toxum çıxdı. Rusiyadan gəlib. Tumu yaxşı çıxmadı, bir az gecikdi. Alıcıları da elə bizim kənddəndir. Satışını həyətdə edirik. Alıcı qapıya gəlir, bizdən alır, aparır”.

Qiymətlərin də bazarın tələbatına görə dəyişdiyini deyən təsərrüfat sahibi bildirir ki, hazırki qiymətlər onları qane edir.

Səməndər Əzizova - təsərrüfat sahibi: “1-1,20 qəpik olur, 80 qəpik olur.  Bir  azdan qiymət azalır. Bazardır, dəqiq bilmək olmur”.

Kənd yerlərində yetişdirlən xiyarın üstünlüklərindən biri də onun təbii yolla, kimyəvi qatqısı olmadan yetişdirilməsidir. Ona görə də belə məhsulun alıcılıq qabiliyyəti daha yüksək olur.

Səməndər Əzizova- təsərrüfat sahibi: “Heç vaxt dərman verməmişəm, torpaqda əkmişəm. İndi onun məhsulunu yığıram”.

Kənddə yaşayan insan torpaqdan səmərəli istifadə etməli, əkin-biçinlə, heyvandarlıqla məşğul olmalıdır, deyən Səməndər Əzizova ailəsinin də  dolanışığını bu yolla təmin etdiyini vurğulayır.

Səməndər Əzizova- təsərrüfat sahibi: “Hansı tərəvəz lazımdır əkmişəm. Soğan, lobya, qarğıdalı əkmişəm, bundan da sonra əkərəm. Çörəyimiz burdan çıxır”.

Qeyd edək ki, fərdi təsərrüfatlarda xiyarın yığım prosesi 2-3 gündən bir olmaqla  mayın axırınadək davam edəcək.

Pərvanə Əliyeva