• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3956
— 13.10.2014 18:14

Azərbaycandan Məşədə gedən zəvvar avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Bu gün Ələt – Astara magistral yolunun Biləsuvar rayonu, Mahmudçalı adlanan ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Azərbaycandan Məşədə gedən zəvvar avtobusu qəzaya uğrayıb. 3 nəfərin ölümü, 9 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol qəzasına sürücünün yatması səbəb olub.

Hadisə bu gün səhər saatlarında Ələt-Astra magistralının 91-ci km-də, yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Avtobusda olan sərnişinlərin əksəriyyəti Neftçala rayonunun Xıllı qəsəbəsindən Məşhəd ziyarətinə gedən zəvvarlar olub. İran İslam respublikası vətəndaşı Fajir Nağı oğlu Fariborun idarə etdiyi iritutumlu sərnişin avtobusu sözügedən ərazidə sərt döngədə anidən idarəetməni itirib və aşaraq yol kənarına düşüb. Nəticədə aşan avtobus ciddi zədələnərək yararsız hala düşüb.

Qəza nəticəsində Neftçalanın Xıllı qəsəbəsi sakinləri-53 yaşlı Afət Məhərrəmov, 55 yaşlı Elşad Məmmədov və 62 yaşlı Təbib Məmmədov hadisə yerindəcə keçinib. 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzanın baş vermə səbəbinə gəlincə isə, hadisənin sürücünün sükan arxasında yatması səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.