• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3529
— 01.04.2016 15:22

Ali məktəblərə sənəd qəbulu başlayıb

Ali və orta ixtisas məktəblərinin qəbul imtahanlarında iştirak etmək istəyən  abituriyentlərin elektron ərizələrinin qəbulu başlayıb. TQDK sənəd verən abituriyentlər üçün bəzi yeniliklər də edib. Bu yeniliklər və ümumiyyətlə sənəd qəbulu proseduru barədə Elnur Vahidoğlunun reportajında tanış olaq.    

Ali məktəblərə sənəd verən abituriyentlər TQDK-nın rəsmi internet səhifəsinə daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurmalıdırlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Yeniliklərə gəldikdə isə bu, əsasən xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir.

Nəsimi Məmmədov TQDK-nın Gəncə regional bölməsinin müdiri: “Memarlıq və dizayn ixtisası birinci qrupda yerləşirdi. Ötən il isə digər xüsusi qabiliyyət tələb edən ixtisaslar beşinci qrupa keçirilmişdi. Bu il isə yenə dizayn ixtisası beşinci qrupa keçirilib, memarlıq ixtisası isə birinci qrupda qalıb”.

Respublikamızın ali və orta ixtisas məktəblərinə sənəd verən abituriyentlər bütün məlumatları Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının rəsmi internet saytından, eləcə də  Abituriyent 1 və 2 jurnalından da əldə edə bilərlər.

Əvvəlki illərdə Respublikamızın ali və orta ixtisas məktəblərinin qəbul imtahanlarında iştirak edən və qəbul olmayan abituriyentlərə gəldikdə isə, onlar elektron ərizələrini aprelin 6-dan təsdiq etdirə bilərlər. Qərb bölgəsində bu qəbildən olan abituriyentlərə TQDK-nın ali məktəblərdə yaratdığı sənəd qəbulu komissiyaları da yardımçı olacaq.

Nəsimi Məmmədov- TQDK-nın Gəncə regional bölməsinin müdiri: “Gəncə şəhərində 3 ali təhsil müəssisələrində - Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Dövlət Universitetində, Azərbaycan Texnologiya Universitetində və Qazax şəhərində isə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında sənəd qəbulu komissiyası yaradılıb. Əvvəlki illərin məzunları bu sənəd qəbulu komissiyalarında elektron ərizələrini doldurub, yadda saxlayaraq təsdiq etdirə bilərlər”.

Birinci, ikinci, üçüncü və dördüncü qruplara sənəd verən abituriyentlər sənədlərini aprelin 28-nə kimi, xüsusi qabiliyyət tələb edən 5-ci qrup ixtisasları üzrə isə mayın 3-dən 17-dək  təsdiq etdirməlidirlər.

Elnur Vahidoğlu