• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4423
— 13.10.2014 18:02

Qaxda bədbəxt hadisə ikincisinin baş verməsi ilə nəticələnib: 1 nəfər ölüb

Ötən gün axşam saatlarında Qax rayonunda bədbəxt hadisə baş verib. Hadisə zamanı vətəndaşa məxsus mal tövləsi yanıb. Yanğın hadisəsini söndürməyə tələsən yanğınsöndürənlər isə qəzaya uğrayıb. Nəticədə bir nəfər dünyasını dəyişib.

Yanğın hadisəsi rayonun Turaclı kəndində qeydə alınıb. Yanğın zamanı Kənd sakini Nuru Abdulaşviliyə məxsus ümumi sahəsi 24 kvadratmetr olan mal tövləsi, içərisindəki otla birlikdə yanıb. Yanğın yerinə Qax Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Məlumatlara görə, yanğın zamanı tövlənin dam örtüyü təmamilə yanaraq içəridə olan otun üzərinə düşüb. Nəticədə içəridə olan 3 ton ot da yanıb. Tövlədə olan 3 baş iribuynuzlu heyvan heç bir zərər görmədən tövlədən çıxarılıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Həyətdə olan yaşayış evi yanğından mühafizə olunub.

Hadisə yerinə tələsən yanğınsöndürənlərin bir qrupu isə bədbəxt hadisə ilə üzləşib. Belə ki, yanğın yerinə tələsən FHN əməkdaşları Qax-Qorağan yolunun Alatəmir kəndi ərazisindən keçən hissəsində qəzaya uğrayıb.  Qəza zamanı Qax şəhər sakini Samir Babayevin idarə etdiyi Qax Yanğından Mühafizə Hissəsinin "KAMAZ" markalı yanğınsöndürən avtomobili, qarşı tərəfdən gələn Zaqatala rayon Aşağı-Tala kənd sakini Tərlan Şabanovun idarə etdiyi "OPEL" markalı minik avtomobili ilə toqquşub. Zərbənin gücündən idarəetməni itirən yanğınsöndürən maşın, 50-60 metr irəlidə yol kənarındakı ağacların bir-neçəsini qıraraq dayanıb. Qəza nəticəsində yanğınsöndürən maşında olan 7 nəfərdən 4-ü Qax şəhər sakinləri 41 yaşlı Bayram Mütəllibov, 22 yaşlı Nicat Qədirov, 24 yaşlı Vasif Turacov, 27 yaşlı Elsəvər Məmmədov, Samir Babayev və  minik avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ağır bədən xəsarətləri alan “Opel”-in sürcüsü isə xəstəxanaya çatdırılsa da reanimasiya şöbəsində dünyasını dəyişib. Qeyd edək ki, qəzanın baş verməsinə ilkin səbəb kimi “Opel”-in yanğınsöndürən maşının yoluna çıxması göstərilir.

Hər iki faktla əlaqədar müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır.