• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3483
— 31.03.2016 15:39

Soyqırım qurbanları rayonlarda da yad edildi

31 Mart Soyqırımı qurbanları Şəmkir və Samux rayonlarında da anılıb. Rayon ictimaiyyətinin nümayəndələri tarixdən dərs almağın, düşmənə qalib gəlmək üçün xalqın sıx birləşməsinin vacibliyini vurğulayıblar. 

Şəmkirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilib, önünə tər çiçəklər düzülüb. Bununla bağlı keçirilən toplantıda isə qanlı tariximizin dəhşətli səhifələrinə xronoloji ardıcıllıqla nəzər yetirilib. 1918-ci ildə erməni Şaumyan və ona tabe olan bolşevik dəstələrinin Bakıda görünməyən qətliamlar törətməsindən bəhs edilib. Xalqımızın başına gətirilən bu dəhşətli faciənin ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra öz hüquqi qiymətini aldığı bildirilib. Azərbaycanlılara qarşı törədilən bu qırğınlar barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb. Xalqımızın düşmənlərinin tezliklə layiqli cavabını alacağına inam ifadə olunub.

Samux rayonunda isə tədbir 98 il əvvəl baş verən hadisələrə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Ümumiyyətlə, zaman-zaman azərbaycanlıların başına gətirilən faciələrdən bəhs edilib. 1905-1907-ci illərdə bir çox bölgələrdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərdən, bunun davamı olaraq 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağda minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsindən danışılıb. Erməni millətçiləri tərəfindən işğalçılıq siyasətinin bu gün də davam etdiyi vurğulanıb. Torpaqlarımızın azadlığı uğrunda Samuxlu gənclərin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən də danışılıb. Qarabağ uğrunda gedən döyüşlərdə rayonun 102 gəncinin şəhid olduğu bildirilib.

Natiq Hüseyn