• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3769
— 31.03.2016 15:38

Goranboyda xaricdən gətirilən meyvələrin yetişdirilməsinə maraq artmaqdadır

Yaz fəslinin gəlişi Goranboyun meyvə bağlarında aparılan işləri daha da intensivləşdirib. Bağlarda yerli və xaricdən gətirilən tinglərin calanması, budanması və sorta uyğun əkilməsi yekunlaşdırılıb.

5 ilə yaxındır bağçılıqla məşğul olan fermer Rasim Əliyevin təsərrüfatında xaricdən gətirilən və yüksək məhsuldarlığı ilə seçilən meyvə ağacları yetişdirilir. Ərazidə 3 adda şaftalı sortu, 1 növ ərik, yerli gavalı, göycə alça, gilas və digər tinglərə qulluq göstərilir. Təsərrüfatın 5 hektarından 2-də tingçilik, 3 hektarında isə bağ salınıb. Fermerin sözlərinə görə, həm məhsuldarlığı, həm də soyuğa davamlığı ilə seçilən Avropadan gətirilən meyvə ağaclarına maraq artmaqdadır.

Rasim Əliyev -Nizami Gəncəvi fermer təsərrüfatının rəhbəri: "Bu yeni sortların ən başlıca əlamətləri ondan ibarətdir ki, yerli iqlim şəratinin qeyri- sabit keçməsindən asılı olmayaraq bunlar hər il meyvə gətirirlər. Meyvələri də çox keyfiyyətli, tez yetişən, yerli və xarici bazara çıxan yaxşı sortlardır. Burda sahədə durduğumuz ağaclar bir illik olmasına baxmayaraq, meyvə gətiriblər. İkinci ildən isə bu ağaclar tam bara dolur və satış üçün üzərindən meyvə yığmaq olur".

Statistik göstəricilərə əsasən, yerli ərik ağaclarından ildə hektarından 12-15 ton məhsul əldə olunursa, xaricdən gətirilən və yerli iqlimə adaptasiya olan ərik ağacı 25-30 tona kimi məhsul vermək qabiliyyətindədir.

Fermer xaricdən gətirilən və öz məhsuldarlığı ilə seçilən ağac və tinglərin sertifikatlaşdırılaraq digər təsərrüfatlarda yayılmasını təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyinə rəsmi müraciətin olunduğunu da qeyd edib.

Ümumlikdə Goranboy rayonunun bağ təsərrüfatlarında və həyatyanı sahələrin 1200 hektarında müxtəlif adda meyvə ağacları yetişdirilir.

Xaliq Qurbanlı