• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1040
— 31.03.2016 15:37

ADAU-da tələbələrə praktiki biliklərin verilməsi istiqamətində işlərə başlanılıb

Ölkə iqtisadiyyatının günün reallıqlarına uyğunlaşdırılması və qeyri-neft sektorunun inkişafı üçün yeni texnologiyalardan və elmi nailiyyətlərdən istifadə edilməsi çox vacibdir. Kənd təsərrüfatı sahəsində belə elmi nailiyyətlərə söykənən mütərəqqi metodlar Azərbaycan Dövlət Aqrar Universitetində sınaqdan çıxarılır. Bununla bağlı tələbələrə praktiki biliklərin verilməsi istiqamətində işlərə başlanılıb.

Bağçılıqda ağaclar əsasən intensiv və ekstensiv üsulla yetişdirilir. Ekstensiv üsuldan fərqli olaraq, intensiv üsulda calaqaltısı gödək olan ağaclar çox yaxın əkilir. Bu ağaclar yığcam çətir əmələ gətirir və vahid sahədə ağacların sayını artırmağa imkan verir. Həmçinin, intensiv üsulla əkilən ağaclar tez məhsul verir. Yəni, 3 illik ağaclardan yüksək məhsul əldə etmək mümkündür. Budəfəki praktiki məşğələdə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin tələbələrinə bu metod əyani şəkildə göstərilib.

Mütəxəssislərin fikrincə, ağaclardan bol məhsul əldə etmək üçün vaxtlı-vaxtında suvarılması, eləcə də aqrotexniki qulluğun göstərilməsi vacib olan amillərdəndir. Bütün bu proseslər də aqronomluq fakültəsinin tələbələrinə izah olunub.

Hüseyn İdrisov- ADAU-nun kafedra müdiri: “Bunlar hamısı Aqronomluq fakültəsinin üçüncü kurs tələbələridir. Bizim sahəmiz tətbiqi sahədir. Yəni, biz görəcəyimiz işləri əlimizlə icra eləməliyik. Aqronom bunları görmürsə, yalnız eşidirsə, o, heç bir nailiyyət əldə edə bilməz”.

Vüqar İsmayılzadə- tələbə: “Oxumaqla bərabər, özümüz ağacları görərək, fərqlər əldə etməyə çalışırıq. Bu da bizim praktiki biliklərimizi daha da artırmağa səbəb olur”.

Bağçılıq təsərrüfatında xaricdən gətirilən ağacların yerli iqlimə uyğunlaşdırılması və bunun nəticəsi olaraq bol məhsul əldə etməyin yolları da izah edilib. Əyani təcrübə ekstensiv üsulla yetişdirilən bağ sahələrində davam etdiriləcək.

Elnur Vahidoğlu