Bu günə xəbərlərin oxunma sayı: 2405
— 30.03.2016 18:41

Lənkəranda fermerlər əkin sahələrini genişləndirərək məhsuldar təsərrüfat yaratmaqda maraqlıdırlar

Yazın gəlişini əkin-biçinlə məşğul olan zəhmət adamları üçün əsl gərgin iş dövrü adlandırmaq olar. Cənub bölgəsində, o cümlədən Lənkəranda da bu dövr tərəvəz əkini vaxtıdır. Lakin burada əksər əkin yerləri fərdi kiçik təsərrüfatlardan ibarətdir. Hər kəs bir neçə sot torpağında müxtəlif növ tərəvəz əkinini həyata keçirir. Necə deyərlər, həm öz tələbatını ödəyir, həm də məhsulun bir qismini bazara çıxarır. Uzun illərdir istifadəsiz qalan pay torpaqlarında da bəzi təsərrüfat sahibləri əkin işlərinin aparılmasını  planlaşdırır.

Bu cür təsərrüfat sahiblərindən biri də Lənkəranın Seyidəkəran kənd sakini Kazım Sadıxovdur. O, ailə üzvləri ilə birlikdə həyətyani sahəsində, habelə  2 hektarlıq pay torpağında hər il davamlı olaraq tərəvəz bitkiləri əkir. Bu mövsümdə artıq xiyar, soğan, kartofun əkinini həyata keçirən təsərrüfatçılar  indi də lobyanın əkini ilə məşğuldurlar. Bir müddətdən sonra isə pomidor əkini  aparılacaq.

Təsərrüfatçıların fikrincə, kənd adamları torpağa daha çox bağlı olmalı, həm öz təsərrüfatını genişləndirməli, həm də insanları keyfiyyətli kənd təsərrüfatı  məhsulları ilə təmin etməlidirlər. Bu sahədə fəal olmağa çalışan təsərrüfatçının həyat yoldaşı bu məqsədlə hətta xaricdə təcrübə kurslarına da qatılıb.

Təsərrüfat sahibləri dövlətin son zamanlar kənd təsərrüfatına göstərdiyi qayğını da yüksək qiymətləndirir. Edilən müraciətlərə vaxtında reaksiya verildiyini və dəstəyin göstərildiyini deyir. Son illər sahibkarlığa kömək milli fondunun fermerlərə ayırdığı güzəştli kreditlər təsərrüfat sahiblərini işə daha da həvəsləndirib. Onlar gələcəkdə bu dəstəkdən yararlanaraq qarşıdakı illərdə əkin sahələrini daha da genişləndirmək, qazandıqları təcrübə sayəsində daha məhsuldar təsərrüfat yaratmaq niyyətindədirlər.

Məhəmməd Rzayev