• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1569
— 30.03.2016 15:46

ADAU-da yeni qarğıdalı sortu yetişdirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin elmi işçiləri yeni qarğıdalı sortu yetişdirib. Dövlət Sort Komissiyasının müsbət rəy verdiyi yeni sort bu il təcrübədən keçiriləcək. 

“Məhsuldar” qarğıdalı sortu Azərbaycan Dövlət Aqrar Universitetinin Taxıl və Paxlalı bitkilər sahəsi laboratoriyasında ilk sınaqdan keçirilib. Bu il ilk dəfə olaraq sort təsərrüfat sahələrində əkiləcək.

Yeni qarğıdalı sortunun əldə edilməsi üçün Universitetin elmi işçiləri 3 il təcrübə aparıb. Sort ilk dəfə olaraq aprel ayının ortalarında toxumçuluq yönümündə təcrübə sahəsində əkiləcək və bunun üçün hazırlıq işləri aparılır. Yeni sort digər qarğıdalı sortlarından daha məhsuldardır.

Firuddin Qurbanov- ADAU-nun Taxıl və Paxlalı bitkilər laboratoriyasının müdiri: “Normal qulluq edilərsə, “Məhsuldar” qarğıdalı sortunun 1 hektarından 120-130 sentner qıjı halında məhsul götürmək mümkündür. Yaşıl kütlə halında isə istifadə edilərsə hektardan 300-400 sentner məhsul götürmək mümkündür. Bu, öz üstünlüyünə görə digər sortlardan da, xaricdən gətirilən sortlardan da fərqlənir”.

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları 2011-ci ildə “ADAU-80” və 2014-cü ildə “Gəncə“ qarğıdalı sortlarını yetişdirib. Hər iki qarğıdalı sortu  Dövlət Sort Komissiyasının sınağından keçib və əkilməsi üçün təsərüfat sahiblərinə təklif olunur.

Elnur Vahidoğlu