• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 859
— 29.03.2016 12:05

GDU-nun tələbələri “Mövlanədən Barış və Sevgi Damlaları” layihəsi çərçivəsində Türkiyəyə səfər ediblər

Gəncə Dövlət Universitetinin müəllim və tələbələri Afyonkarahisar valiliyinin koordinasiya etdiyi “Mövlanədən Barış və Sevgi Damlaları” layihəsi çərçivəsində Türkiyəyə səfər ediblər. Nümayəndə heyəti 4 gün ərzində qardaş ölkənin 5 şəhərində olub, bir sıra görüşlər keçiriblər.

"Mövlanədən Barış və Sevgi Damlaları” layihəsi “Mövlanə Mədəni Müdaxilə” proqramı çərçivəsində Türkiyə Cümhuriyyətinin Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Nazirliyi tərəfindən maliyyələşdirilib. Layihədə Azərbaycanı Gəncə Dövlət Universitetindən 4 müəllim və 16 tələbə olmaqla ümumilikdə 20 nəfər təmsil edib.

Vasif Həsənov - GDU-nun İnformatika kafedrasının baş müəllimi: "Layihənin əsas məqsədlərindən biri türk dövlətlərinin nümayəndələrinin Türkiyəyə gəlməsi idi. Qardaş ölkə kimi ilk olaraq Azərbaycandan nümayəndələr dəvət etdilər. Danışıqlar zamanı bizim üçün əsas meyar o idi ki, layihəyə ümumiyyətlə, ölkədən çıxmayan, heç vaxt Türkiyədə olmayan tələbələr cəlb edilsin".

Layihənin ilk günü qrup İstanbulun tarixi və gəzməli-görməli yerləri ilə tanış olub. Növbəti gün Konyaya səfər edən qrup üzvləri Mövlanə Cəlaləddin Ruminin məzarını ziyarət edib, Çarşıpazarı, Zəfər meydanı, Şəms-i Təbrizinin türbəsində olub, Mövlana Mədəniyyət Mərkəzində “Səma nümayişləri”ni izləyiblər. Gəncə Dövlət Universitetinin tələbələri Konya Səlcuq Universitetində də olublar. Səfər çərçivəsində qardaş ölkədə Azərbaycan -Türkiyə Mədəniyyət gecəsi keçirilib. Nümayəndə heyəti qardaş ölkədə bir sıra dövlət rəsmiləri və təhsil işçilərinin qəbulunda da olublar. Tələbələr Türkiyədən yüksək əhval-ruhiyyə ilə qayıdıblar.

Fidan Zairi - tələbə: "Görmək istədiyim bir ölkə idi. Xüsusi ilə Konya ilə çox maraqlanırdım. İstər Həzrəti Mövlanənin məzarı olsun, istər Səmazənlərin rəqsi olsun, hər bir şey bizim üçün çox maraqlı idi. Bizim üçün çox böyük üstünlük, prespektiv oldu orda iştirak etmək".

Mobil Qarayev - tələbə: "Eyni hava, eyni su. Baxırsan ki, həqiqətən də Türk xalqı, Azərbaycan xalqı bir-birinə oxşar diyarlar seçiblər yaşamaq üçün, gözəl diyarlar seçiblər. Biz özümüzlə bayraqlar aparmışdıq. Bizdən bayraqlarımızı istəyənlər var idi ki, verin, evimizdə Türk bayrağı ilə birgə asaq".

Bu ilin sonunadək Gəncə Dövlət Universitetinin tələbə və müəllim heyəti daha bir neçə layihədə iştirak edəcək. Bunlardan biri olan "Dədələrin izi ilə" layihəsinin məqsədi vaxtilə türklərin yaşadığı torpaqları tanıtmaqdır və bu çərçivədə Balkan Dövlətlərinə səyahətlər təşkil olunacaq. 

Gülnar Fazilqızı