• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 28.03.2016 16:18

Novruz bayramı günlərində qərb bölgəsinə gələn turistlərin sayı artıb

Bayramla əlaqədar istirahət günlərində ölkənin müxtəlif regionlarına səyahət edənlərin sayı artıb. Bölgələrdəki turizm məkanlarından aldığımız məlumata görə, bu günləri istirahət obyektlərində keçirməyə üstünlük verən əcnəbilərin və yerli vətəndaşların sayı əvvəlki vaxtlarla müqayisədə daha çox olub. Eyni tendensiya qərb regionunda da müşahidə edilib.

Gəncə Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, ötən ilə nisbətən bu il Novruz bayramı günlərində qərb bölgəsinə gələn turistlərin sayında artım olub. Bu artım həm xarici ölkələrdən gələn, həm də Azərbaycanın başqa bölgələrindən Qərb regionuna üz tutan turistlərin sayında da özünü göstərib. Daha çox haradan turistlərin gəlməsinə gəlincə isə, burada xarici ölkələr sırasında İran İslam Respublikası, daxili şəhərlər sırasında isə paytaxt Bakı liderlik edir. Təbii ki,  Gəncədən də bölgələrə gedənlər olub. Gəncəli turistlərin üz tutduqları regionlar isə əsasən şimal və şimal-qərb rayonları olub.

Ruzi Rəhimov- Gəncə Turizm İnformasiya Mərkəzinin aparıcı mütəxəssisi: "Şahdağ kopleksi, Qubanın  Xınalıq kəndi, İsmayıllı- xüsusən Lahıc kəndi Gəncəli turistlərin əsas seçim bölgələri idi".

Yerli turistlərin getdikləri xarici ölkələr sırasında isə BƏƏ-nin Dubay şəhəri əsas yeri tutub. Növbəti pillələrdə isə Türkiyə şəhərləri qərarlaşıb. Bu bayramda turistlərin sayının artmasına səbəb olan amillərdən biri də bilet qiymətlərindəki ucuzlaşma olub.

Zülfiyyə Telmanqızı