• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2296
— 20.03.2016 15:57

Gəncədəki hərbi hissələrdə “Açıq qapı günü” təşkil olunub

Əsgərlərin valideynləri və yaxınları N saylı hərbi hissənin şəxsi heyəti ilə birlikdə Novruz bayramını qeyd ediblər.

Hərbi hissələrə gələn əsgər valideynləri və yaxınları şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olublar. Onlar xidməti və inzibati binalara, eləcə də yataqxana və yeməkxanalara baş çəkiblər.

Cavanşir Abdullayev– valideyn: “Gəldik, uşağımızla görüşdük. Razıyam. Otaqları tər-təmiz, şəraitləri yaxşıdır”.

Təranə Abbasova– valideyin: “Gəlirik, görürük, ürəyimiz açılır. Sağ olsunlar. Valideynlər də sağ olsun, əsgərlərimizin də Allah canını sağ eləsin”.

Daha sonra ziyarətçilər hərbi hissənin şəxsi heyəti ilə birlikdə Novruz bayramını qeyd ediblər. Bayram adət-ənənələrinin əks olunduğu səhnəciklər göstərilib, şən musiqi parçaları təqdim olunub. “Kosa”, “Keçəl”, “Bahar qızı” və “Dədə Qorqud”un iştirakı ilə tonqal qalanıb.

Əsgər: “Bütün gənclərimizə deyirəm ki, hərbi xidmət gözəl bir şeydir. Onlara məsləhət bilərdim ki, gəlib vətənin keşiyində dayansınlar. Hər birinə uğurlar arzulayıram. Hər bir azərbaycanlını Novruz münasibətilə təbrik edirəm”.

Əsgər: “O gün olsun, belə bir bayramı işğal olunmuş Qarabağ torpaqlarında qeyd edək. Allahın köməkliyi ilə edəcəyik də”.

Tədbirdə Gəncə Dövlət Dram Teatrının kollektivi, şəhərin incəsənət nümayəndələri ilə yanaşı məktəblilər də iştirak edib. Balacalar öz çıxışları ilə hərbi qulluqçuları təbrik ediblər.

Gülnar Fazilqızı