• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2071
— 20.03.2016 15:27

Gəncədə məcburi köçkünlər üçün salınan qəsəbədə Novruz şənliyi keçirilib

Kəlbəcər rayonundan olan məcburi köçkünlər də bu Novruzu öz doğma yurd-yuvalarından kənarda qarşılayıblar. Bayram münasibətilə təşkil edilən şənlikdə həmçinin ilk dəfə olaraq “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində cənub bölgəsində olan kəlbəcərli məktəblilər də qarşılanıb.

Bayram şənliyi Gəncədə məcburi köçkünlər üçün salınan 1 saylı qəsəbədəki Novruz meydanında təşkil edilib. Novruz şənliyi bayram gəzintisi ilə başlayıb. Saç üstə salınan yuxa ilə nəhrədə çalxalanan yağın dadına baxılıb, rayonun aşıqlarının el havaları, idmançıların nümunəvi çıxışları maraqla izlənilib. Eləcə də, şagirdlərin qədim xalq oyunlarından olan ənzəli, dirədöymə, xalça üstə maral oyunu, Novruz bayramına xas olan xoruz döyüşdürülməsi də diqqət çəkilib. Məktəblilərin əl işləri, rəsm əsərləri, musiqi məktəbinin şagirdlərinin ifası alqışlarla qarşılanıb. Meydanda bayram tonqalı yandırılandan sonra Ozan dədənin təbriki dinlənilib, “Kosa” və “Keçəl”in məzəli əhvalatları, yumurta döyüşdürülməsi qonaqlarda xoş anlar yaşadıb.

Aytac Rüstəmzadə- Kəlbəcər rayon İH-nin humanitar məsələlər üzrə müavini: “Bu gün biz kəlbəcərlilər Böyük Türk Dünyasının ən gözəl və möhtəşəm bayramlarından olan Novruzu böyük təntənə və sevinc hissi ilə qeyd edirik. Bahar bayramı olan Novruz yazın gəlişinə bir rəmz, simvol olmaqla, eyni zamanda oyanış və canlanmanın, işıq və həyatın təzələnməsi deməkdir”.

Bayram şənliyinə ilk dəfə olaraq Ölkəmizi tanıyaq tur-aksiyına qatılan kəlbəcərli məktəblilər də qatılıb. Rayonun yuxarı sinif şagirdlərinin Lənkəran, Lerik və  Astara rayonlarına səfəri yaddaqalan olub.

Zeynəb Səmədli- şagird: “Bu rayonlarda mən görmədiyim yerlərdə oldum.  Lənkəranın tarixi ilə maraqlandım. Tarix Diyarşünaslıq Muzeyində olduq. Orada özümüzə yeni dostlar qazandıq. Bu barədə mən öz sinif yoldaşlarıma və Gəncədə olan yaxınlarıma danışacağam”.

Bayram şənliyi Kəlbəcər rayon ədəniyyət və incəsənət işçilərinin konsert proqramı ilə yekunlaşıb.

Elnur Vahidoğlu