• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2369
— 20.03.2016 12:58

Gəncə şəhərinin Elektron Kadastr Məlumat Bazası yaradılır

Məqsəd dövlət, bələdiyyə və şəxsi mülkiyyətdə olan torpaqların səmərəli istifadə olunmasını və torpaqların maneəsiz sənədləşməni aparmaqdır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkədə torpaqların eketron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması üzərində iş aparlır. Bu çərçivədə Gəncə şəhərinin Kəpəz, Nizami və Hacıkənd bələdiyyələrinin rəqəmsal kadastr xəritəsinin təqdimatı keçirilib. Tərtib edilən xəritəyə əsasən hər 3 bələdiyyənin sərhədləri müəyyənləşib. Eləcə də elektron sənədlərdə torpaq sahələrinin hüquqi rejimi və mülkiyyət növü də müəyyən edilib.

Ramiz Quliyev- Daşınmaz Əmlakın Reysteri və Ünvan Reysterinin Xidmət rəisi: "Bu da bizə imkan verəcək ki, bələdiyyələrin torpaq üzərində normal idarəçiliyi üçün hüquqi zəmin olsun. Digər tərəfdən, bu günə kimi mövcud olan bir çox torpaq mübahisələrinə son qoyacaq. Torpaqların həm bələdiyyələr, həm də şəhər, rayon icra hakimiyyətləri tərəfindən idarəçiliyində nizam-intizama zəmin yaradacaq. Bir çox qanunsuz tikililərin nizama salınmasında bu məlumatlar böyük rol oynayacaq".

Gəncə şəhərinin rəqəmsal kadastr xəritəsi şəhərin planlaşmasına, əmlak idarəçiliyinə, eyni zamanda sosial təyinatlı obyektlərin xidmət radiusları ilə bağlı yaranan problemlərin həllinə kömək olacaq. Xəritə ona da imkan verəcək ki, torpağın təyinatı müəyyən ediləcək və vətəndaşlar tərəfindən tikilən evlərin sənədləşməsi aparılacaq.

Xaliq Qurbanlı