• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2312
— 19.03.2016 16:09

Şəmkir və Göygöl sakinləri Novruz bayramı münasibəti ilə şənliklərdə iştirak edib

Bu gün Şəmkir və Göygöl sakinləri də Novruz bayramı münasibəti ilə şənliklərdə iştirak edib. Bölgələrə xas adət-ənənələrin nümayişi ilə yanaşı, əsgər və zabitlər də yaddan çıxarılmayıb. Şəmkirdə keçirilən Novruz şənliklərini iştirakçılarını ulu Dədə Qorqud və Bahar Qız qarşılayıb. Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahişinin də qatıldığı el bayramında iştirakçılar adət- ənənələrimizlə yaxından tanış olublar. Ən qədim bayramlardan olan Novruzun xalqımızın milli mənəvi, əxlaqi dəyərlərini, məişətini və mətbəxini özündə əks etdirdiyi nümayiş olunub. Novruzun Dünya Azərbaycanlıları tərəfindən böyük sevinc və fəxrlə qeyd olunan ən əziz bayram olduğu, dövlət səviyyəsində qeyd edilərək torpağın oyanması, təbiətin canlanması, həmrəylik və birlik bayramına çevrildiyi diqqətə çatdırılıb. Tədbirdə bayram tonqalı çatılıb. Novruz atributlarını özündə dolğun əks etdirən şənlikdə keçəllə kosanın şən zarafatları, idmançıların, musiqi kollektivlərinin çıxışları sakinlərin bayram ovqatını daha da artırıb. Müxtəlif azsaylı xalqların rəqsləri böyük maraqla izlənilib.

Novruz bayramı ilə əlaqədər Şəmkir Sərhəd Dəstəsində isə “Açıq qapı günü” elan olunub. Şəmkir Rayonun bütün idarə, müəssisə və təşkilatlarının iştirak etdiyi tədbirdə əsgər və zabitlərə bayram xonçaları təqdim olunub. Çıxış edənlər ordu ilə xalqın sarsılmaz birliyindən danışıblar. Daha sonra valideynlər sərhədçilərin yataq və yemək şəraiti ilə tanış olublar. Sərhədçilərin xidməti üçün yaradılan imkanlar rəğbətlə qarşılanıb.  

Göygöl rayonunda da Novruz bayramı təntənə ilə keçirilib. Səhər saatlarından etibarən Novruzun atributları sayılan kosa, keçəl və Bahar qızı küçə prospektləri gəzərək sakinləri el şənliyinə dəvət edib. Hər il olduğu kimi bu bayram da göygöllülər mərkəzi stadionda bir araya gələrək tarixi keçmişimizə söykənən bayramın sevincini yaşayıblar. 10 minlərlə sakinin izlədiyi şənlikdə rəsmilərin bayram təbrikləri eşidilib. Xalqımıza ruzi, firavanlıq arzulanıb. Şənlikdə bayram tonqalı qalanıb, milli adətlərimiz nümayiş olunub. Bişirilən ləziz təamlar, incəsənət ustalarının çıxışları bayramı daha da rəngarəng edib.

Natiq Hüseyn