• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2290
— 19.03.2016 16:08

Gəncə Novruzu belə qeyd etdi

Gəncədə bu gün bayram ab-havası yaşanıb. Baharın gəlişi münasibətiylə təşkil edilən Novruz təntənələri həmişəkindən fərqli, yeni məkanda və milli koloritdə təqdim olunub.Gəncədə builki Novruz şənlikləri yeni salınan park-bulvarda təşkil olunub. Bayraq meydanından başlayaraq 1.2 km uzunluğunda olan bulvar kompleksində milli adət-ənənələr, mətbəximizin nümunələri, şəhərin musiqi və incəsənəti bayram tədbirinin iştirakçılarına təqdim olunub. Türkiyə və, Gürcüstanın Gəncədəki baş konsullarının da qatıldığı tədbir Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavadxan obrazlarının bayram təbrikləri ilə başlayıb. Milli geyimdə olan oğlan və qızların rəqsi, xalq çalğı alətləri ansamblının ifası, nümayiş olunan qədim məişət əşyaları maraqla qarşılanıb. Məktəblilərin ifasında qədim Novruz adətlərindən olan xalq oyunları, milli muğamımızdan olan parçalar da alqışlarla qarşılanıb. Həmçinin rəsm əsərləri və Gəncə xalçalarının nümayişi iştirakçıların marağına səbəb olub. Gəncə Dövlət Dram Teatrının və kukla teatrının aktyorları Novruzun çərşənbələrinə, yaz meyvələrinin söhbətinə həsr edilən bədii kompazisiyalar göstəriblər. Kosa və keçəlin məzəli əhvalatları, eləcə də ənənəvi yumurta döyüşdürülməsi qonaqlara xoş anlar yaşadıb. Məhsəti parkının qarşısındakı ərazidə bayram tonqalı da çatılıb. Tədbir iştirakçıları nəhrədə hazırlanan yağla sac üstə salınan yuxanın, təndirdə bişirilən çörəyin dadına baxıb. Bayram şənlikləri şəhərin ictimai həyatında fəallığı ilə seçilənlərin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılması və Gəncənin mədəniyyət işçilərinin konsert proqramı ilə yekunlaşıb.

Elnur Vahidoğlu