• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2339
— 19.03.2016 11:28

Goranboyda və Şəmkirdə fəaliyyət göstərən bazar və ət satışı məntəqələrində reyd keçirilib

Novruz bayramı ilə əlaqədar Baytarlıq İdarəsi Goranboyda və Şəmkirdə reyd keçirib. Məqsəd bayram öncəsi əhaliyə satılan ətin keyfiyyətinə nəzarət etməkdir.

Goranboy rayon Baytarlıq İdarəsinin reydi zamanı nəzarətdən keçməyən ət satışı, sanitar-gigiyenik norma və tələblərin pozulması hallarına rast gəlinməyib. Baytarlar tərəfindən istifadəyə yararsız və mənşəyi məlum olmayan heyvan əti də aşkar edilməyib.

Elsevər Hüseynov- Goranboy rayon Baytarlıq İdarəsinin rəisi: "Goranboy rayon  Baytarlıq İdarəsi əhalinin sağlam ətlə, sağlam heyvan məhsulları ilə təmin olunması məqsədi ilə gücləndirilən iş rejimində fəaliyyət göstərir. Hal-hazırda baytarlıq idarəsinin bütün həkimləri, bütün kəsim məntəqələrində, eləcə də ət satışı məntəqələrinə təhkim olunub. Kəsilən bütün heyvan ətləri baytar nəzarətindən keçirilir. Əhali tam əmin ola bilər ki, sağlam qida ilə təmin olunurlar".

Şəmkir rayon Baytarlıq İdarəsi də bayram günlərində gücləndirilmiş iş rejimində çalışır. Baytar həkimlər ət satışını həyata keçirən bazar və dükanlarda mütəmadi yoxlamalar keçirir. İdarə rayon ərazisində fəaliyyət göstərən 40-a yaxın ət dükanına xəbərdarlıq məktubu da ünvanlayıb. Bilavasitə reyd zamanı isə gün ərzində kəsilən 15 baş iri, 40-a yaxın xırda buynuzlu heyvanın ətindən yoxlanılması üçün nümunələr götürülüb.

Məmməd Qasımov -Şəmkir rayon Baytarlıq İdarəsinin rəis əvəzi: "Heyvanlar xüsusi təşkil olunan yerlərdə kəsilir. Baytar sanitar- ekspertiza laboratoriyasında müayinə olunur. Daha sonra sənədləşdirilən ət piştaxtalara çıxarılaraq satılır. Bu günə kimi mütəmadi reydlərimiz davam etdirilir və hələ ki, neqativ hal aşkar olunmayıb”.

Dövlət Baytarlıq Nəzarəti İdarəsinin müvafiq göstərişinə əsasən bayram və istirahət günlərində də ət bazarlarına ciddi nəzarət həyata keçiriləcək.

Xaliq Qurbanlı

Elton Cabbarlı