• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 18.03.2016 14:14

Gəncədə Novruzöncəsi satış yarmarkası keçirilib

Novruz bayramı bazarlığında bütün gəncəlilərin yararlanması məqsədilə növbəti addım atılıb. Təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında təklif edilən qiymətlər münasibliyi ilə sakinlərin cibinə uyğun olub.

Cəmilə Səttarova- sakin: “Bazardan ucuzdur. Yumurtanı 10 qəpiyə, kələmi 30 qəpiyə aldım. Unun 1 kiloqramı 40 qəpiyədir. Sağ olsunlar, belə şərait yaradırlar, bu, tez-tez olsa yaxşıdır”.

Bu qiymətə olan ərzaqlar Gəncədə kənd təsərrüfatı və ərzaq məhsullarının növbəti satış yarmarkasında alıcılara təklif olunub. Bayram bazarlığını yarmarkada  edən alıcılar qiymətlərin sərfəli olmasından razıdırlar.

Şəhla Hüseynova- sakin: “Çox yaxşı qiymətlərdir, hamısı ucuzdur. Kartof aldım 50 qəpiyə, soğan 50 qəpiyə. Göy-göyərti, meyvə hamısı ucuzdur”.

Yarmarkada 30-dan çox müəssisə və şirkət alıcılara bazar qiymətindən 20-30 faiz aşağı toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, soğan, kartof, göy-göyərti, müxtəlif çeşiddə yağlar, meyvələr və digər kənd təsərrüfatı məhsulları təqdim edib.

Elnur Rzayev- Gəncə Şəhər İH-nin birinci müavini: “Novruz bayramı münasibətilə ənənəvi olaraq yarmarka keçirilir. Yarmarkadakı məhsullar qat-qat aşağı qiymətə şəhər sakinlərinə təklif olunur”.

Bu, Gəncədə ilin əvvəlindən təşkil edilən 4-cü satış yarmarkasıdır.

Novruz bayramı ilə əlaqədar Gəncədə təşkil olunan kənd təsərrüfatı yarmarkasında alıcılara qoz-fındıq da təklif olunur. Qoz-fındığın qiyməti bazarda 5-6 manata təklif olunursa, yarmarkada 4 manata satılır.

Gəncə şəhərində ilin sonuna kimi mütəmadi olaraq bu cür kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunacaq.

Elnur Vahidoğlu