Bu günə xəbərlərin oxunma sayı: 1931
— 16.03.2016 18:27

Ölkədə həyata keçirilən fitosanitar tədbirlər və gübrələrin keyfiyyəti qənaətbəxşdirmi?

Yüksək məhsul götürməyin əsas şərtlərindən biri əkin aparılacaq torpaqların tərkibinin öyrənilməsi və torpağa onun tələb etdiyi miqdarda mineral və gübrələrin verilməsidir.  Əks təqdirdə bu laqeydlik  torpağın sıradan çıxmasına və nəticədə də məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev “Aqronom”un qonağı olub.

Mövzu çərçivəsində əkinlərdə inteqrir mübarizə tədbirləri ilə bağlı suallarımızı cavablandıran qonaq, gübrələrin keyfiyyəti ilə bağlı fermerləri narahat edən məsələyə də aydınlıq gətirib. O, gübrələrin nəticəsindən narazı qalan fermerlərin bu mövzuda məlumatlı və diqqətli olmalarını vacib sayır:

Camal Quliyev- Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi: “Respublikaya idxal olunan bütün gübrələr Dövlət Xidmətinin Nəzarət Toksikologiya Laboratoriyasında yoxlanılır. Bizim respublikadaxili reydlərimiz nəticəsində, bir çox hallarda keyfiyyətsiz gübrələr aşkar edilir. Elə ötən il 3000 tondan artıq keyfiyyətsiz gübrə aşkar edilib. Keyfiyyətsiz və qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilmiş gübrələr qanunvericiliyə uyğun qaydada məhv edilir. Digər tərəfdən isə, gübrələr uyğun şəraitdə saxlanılmadıqda keyfiyyəti pisləşir və bu da öz növbəsində istənilən səmərənin alınmamasına gətirib çıxarır. Fermerlər mütləq gübrənin düzgün şəraitdə saxlanılmasına diqqət etməlidirlər. Artıq son illərdə fermerlərin bu mövzuda maarifləndirilməsi ilə bağlı davamlı olaraq regional müşavirələr keçirilir. Eyni zamanda, bütün rayonlarda Kənd Təsərrüfatı İdarələri tikilərək tədricən istifadəyə verilir. Bundan sonra bu yöndə işlər daha fəal şəkilədə həyata keçiriləcək ki, bu da fermerlərimizdə əkinçilik mədəniyyətinin güclənməsinə gətirib çıxaracaq”.

C.Quliyev laborator vəziyyəti daha da yaxşılaşdırmaq, diaqnostik xidmətləri gücləndirmək məqsədilə laboratoriyaların tərkibində Nəzarət Toksikologiya və Karantin Ekspertiza Bölməsinin yaradılması təklifinin irəli sürüldüyünü bildirib:

Camal Quliyev- Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi: “Bu layihəni həyata keçirdikdən sonra artıq bizim 11 regionda həm Aqrokimya Laboratoriyası, Karantin Ekspertiza Laboratoriyası, həm də Nəzarət Toksikologiya Laboratoriyalarımızın funksiyasını həyata keçirən vahid laboratoriya sistemi fəaliyyət göstərəcək ki, bununla da Dövlət Fitosanitar Nəzarəti Xidməti bütün respublika üzrə diaqnostik xidmətlərin yaxşılaşdırımasını tam başa çatdıra biləcək. Bu da öz növbəsində laboratoriyaya müraciət edən fermerin müraciətinə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsinə səbəb olacaq”.

Respublikanın mədəni əkinlərində inteqrir mühafizə sisteminin təkmilləşdirilməsi və fitosanitar tədbirlərin həyata keçirilməsi ilə bağlı suallara daha ətraflı “Aqronom”da cavab tapa bilərsiniz.

Yeganə Babayeva