• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2238
— 11.03.2016 13:22

Ölkədə ilk dəfə Gəncədə Arıçılıq Mərkəzi yaradılıb

Azərbaycanda arıçılığı inkişaf etdirmək, eləcə də arı məhsullarının dünya bazarlarına çıxarılması üçün respublikada ilk dəfə olaraq Gəncədə Arıçılıq Mərkəzi yaradılıb. Mərkəzdə quraşdırılan laboratoriya hesabına balın tərkibi və keyfiyyətini müəyyən etmək mümkün olacaq.

Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində yaradılan Arıçılıq Mərkəzində 30-a yaxın elmi işçi müasir avadanlıqlar vasitəsilə yerli balların tərkibini araşdırır. Mərkəzdə faəliyyət göstərən laboratoriyada ana arıların süni yolla mayalandırılması və Azərbaycan təbiətinə xas olan Boz Qafqaz arı cinsinin say tərkibinin təsərrüfatlarda artırılmasına nail olmaq üzərində iş aparılır. Arıçılıq Mərkəzinin laboratoriya müdiri Elnur Əhmədovun sözlərinə görə, əgər mərkəz tam gücü ilə fəaliyyət göstərərsə, ölkədə arıçılıqla məşğul olan fermerlər bundan gəlir götürə bilər. Bunun nəticəsində isə  təbii bal və bal məhsullarının münasib qiymətlərlə daxili bazarda bolluğu yarana bilər.

Elnur Əhmədov- Arıçılıq Mərkəzinin laboratoriya müdiri: "Arıçıya hər hansı bir ziyan dəyməməsi və bu sahədə fermer təsərrüfatının genişləndirilməsi üçün süni mayalanma çox vacibdir. Bu hal arıçılıqda bütün itkilərin qarşısını alır. Biz də süni mayalanma məsələsini ciddi olaraq qarşımıza qoymuşuq".

Statistik rəqəmlərə görə, il ərzində Azərbaycanda bala olan tələbat 4500 ton olduğu halda, yerli istehsal bu rəqəmin yalnız 1500 tonunu qarşılayır. Hazırda respublikanın fermer təsərrüfatlarında 130 min arı ailəsi bəslənir. Mərkəzin fəaliyyəti nəticəsində bu arı ailələrinin sayını 700 minə çatdırmaq mümkündür. Balçılıq normativlərinə əsasən 1 pətəkdə 24 çərçivə olmaqla, mövsüm ərzində 20 kiloqram bal əldə etmək mümkündür.

Gələcəkdə Arıçılıq Mərkəzində fermer təsərrüfatlarında balın alınması, fiziki və kimyəvi laborator müayinəsi, sertifikatlaşdırılması, eləcə də məhsulun qablaşdırılaraq yerli və xarici bazarlarda çıxarılması da nəzərdə tutulur.

Xaliq Qurbanlı