• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 939
— 10.03.2016 11:07

Gəncənin küçə və prospektlərinin işıqlandırılması işləri davam etdirilir

Gəncədə küçələrin gecə işıqlandırılması istiqamətində həyata keçirilən tədbirlər əsas küçə və prospektləri əhatə etsə də, mərkəzdən kənar küçələr barədə bunu demək olmur. Bəzi küçələrdə işıq dirəklərinin olmaması, müəyyən qismində isə işıqlanmanın yoxluğu piyada və avtomobillərin hərəkəti üçün təhlükə yaradır.    

Gəncədə əsas küçə və prospektlərə 3 mindən artıq yeni işıqlandırma dirəyi quraşdırılıb ki, bu tək mərkəzi yolları deyil, Atabəylər prospekti, 28 may, Əhməd Cəmil və Təbriz küçələrini də əhatə edir. Bəzi ara küçələrin də işıqlandırılması təmin edilir. Bununla belə şəhərdə gecələr zülmətə qərq olan küçələr də az deyil. Quraşdırılan yeni dirəklərə rəğmən işıqlanmanın olmaması və ya lampası yanmayan köhnə dirəklərin qalması küçələrdə hərəkəti çətinləşdirir. Gəncənin Cavadbəy Rəfibəyli, Şeyxzamanlar qəsəbəsində Rauf Xəlilov, Yaqub Hacıyev və digər küçələrin timsalında bunu bariz şəkildə görmək olar.

Şəlalə Hüseynova- Gəncə sakini: “İki ildən çoxdur küçəmiz bu vəziyyətdədir, gecələr itlərin əlindən gəzmək olmur. Yağış yağır, su olur, qaranlıqda addım atıb yeriyə bilmirsən. Oğrular düşür həyətlərə, qapı döyülür, çıxırsan ki, qaranlıqdı heç kimi görmürsən”.

Gülcənnət Məmmədova- Gəncə sakini: “İşə gedib-gələn var, uşaqlı var, xəstə var. Problem yaradır. İki aya düzəldəcəyik dedilər, iki il oldu, niyə düzəltmirlər? Hər yerə də deyilir, biz də küçə üçlüyünün canına düşürük ki, niyə düzəltmirlər”.

Bənövşə Hüseynova- Gəncə sakini: “Əvvəllər öz hesabımıza işıqlandırıcı düzəltmişdik dirəklərdə. Onu da söküb apardılar”.

Namiq Ramazanov- Gəncə sakini: “Bu küçənin günü yoxdur, qaranlıqda bayıra çıxmaq mümkün olmur itlərin əlindən. Təcili yardım çağırırsan gəlmir, tapa bilmir. Çox bərbad vəziyyətdədi”.

Hazırda 28 may küçəsinin işıqlandırılması istiqamətində yeni dirəklərin quraşdırılması aparılır. Yolun hər iki tərəfi müasir işıqlandırıcılarla təmin edilir. Gəncə şəhər İşıqlandırma İdarəsinin sahə rəisi Akif Qəmbərovun sözlərinə görə, şəhərin inkişaf planına uyğun olaraq bütün küçələr havanın qaranlıq vaxtında işıqlandırılacaq.

Akif Qəmbərov- Gəncə şəhər İşıqlandırma İdarəsinin sahə rəisi: “Şəhərin inkişaf planında bunlar hamısı öz yerini tapmışdır. Bu işlər tədricən aparılacaqdır. İlk olaraq şəhərin baş planında nəzərdə tutulan ərazilər işıqlandırılır, daha sonra, qısa müddət ərzində isə şəhərin ara küçələri, binaların arası, inzibati obyektlərin qarşısı və digər ərazilər də olmaqla hamısı işıqlandırılacaq”.

Son 1 il ərzində Gəncədə mindən artıq yeni işıq dirəyi quraşdırılaraq 30 elektrik şkafı ilə təmin edilib, 20 km-dən artıq yeraltı kabel xətti çəkilib.  

 

Elton Cabbarlı