• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1662
— 09.03.2016 16:10

Göygöldə baş verə biləcək daşqınların qarşısını almaq üçün tədbirlər görülür

Yaz aylarında Göygölün dağ çaylarında baş verən daşqınların qarşısını almaq üçün tədbirlərə başlanılıb. Əkin sahələri, eləcə də yaşayış yerlərinə ziyan dəyməsin deyə Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən rayondan keçən çaylarda, arxlarda sahilbərkitmə işləri aparılır.

Göygöldə 13 min 510 hektar əkinə yararlı torpaq sahəsi var ki, bunun da suvarılmasına Göygöl Suvarma Sistemləri İdarəsi xidmət edir. Əkilən torpaqların suvarılmasında artezian quyuları, su nasos stansiyaları ilə yanaşı,  Gəncəçay, Kürəkçay və Qoşqarçayın suyu ilə bərabər 10 arxdan istifadə edilir.

“Ərəbli” kanalı mənbəyini Gəncə çayından götürür. Kanalın ümumi uzunluğu 17 kilometrdir və yaz aylarında sel daşqınları çox olduğu üçün Göygöl Suvarma Sistemləri İdarəsinin işçiləri hazırda kanalın lildən təmizlənməsi işini həyata keçirir.

Adıçəkilən çayların və arxların keçdiyi ərazilərdə yaz aylarında daşqınlar baş verdiyindən burada təmizlik işləri ilə yanaşı, sahilbərkitmə tədbirləri də görülür.  

İlqar Məhərrəmov- Göygöl Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi: “Çaylarda sahil bərkitmə işləri aparmışıq. Bu həm təhlükəsizlik proqramına uyğundur, həm də suvarma sularının sahələrə itkisiz çatdırılması deməkdir. Bu işlər mütəmadi olaraq davam etdirilir. Kanalların hamısında lildən təmizlənmə işləri görülüb və bu tədbirlərin davamı olaraq bu il kanalların betonlanması nəzərdə tutulur. “Ərəbli” kanalında və “Xan arxı” kanalında hər birində 1 km-dən artıq betonlama işi nəzərdə tutulur”.

Bu il Göygöl rayonunun Balçılı, Quşqara, Yeni Qızılca və Qırıxlı kəndlərində əkin torpaqlarının suvarılması üçün 4 yeni subartezian quyusu da qazılacaq. Ümumilikdə isə rayonda 22 ədəd subartezian quyusu, 10 ədəd su nasos stansiyası suvarma üçün istifadə edilir.

Elnur Vahidoğlu