• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1699
— 03.03.2016 15:41

Tovuzda soğan əkininə başlanılıb

Məhsuldar, ziyanvericilərin məhv edə bilmədiyi soğan Tovuzun Mülkülü kəndində daha çox becərilir. Bir neçə gündür kənddə bitkinin səpininə start verilib.Geniş sahələrə əsasən traktorlarla səpilən soğanın 1 kiloqramını fermerlər 25-50 manata alırlar. Yerli toxumlar məhsuldar olmadığından təsərrüfatçılar bu il Türkiyə və Rusiyadan gətirilən soğan toxumuna üstünlük veriblər. Aqrotexniki qaydalara uyğun becərilərsə, hektara 25-30 ton məhsul verən bitki daha sərfəli hesab edilir. Mülkülüdə yaşayanlar bitkinin becərilmə qaydasını daha yaxşı bildiklərinə görə, bu il soğan sahələri çoxdur.

Cahangir Ələkbərov-fermer: “Məsələn, mən “dollar” sortu əkmişəm 4-5 kilo. Qalanı da yerli olur, “Luqansk” sortu olur. Kim hansından tapır ondan”.

Adil Əzizov- fermer: “Camaat ta qədimdən bu işlə məşğul olduğuna görə, digər kəndlərə baxanda texnologiyanı yüksək mənimsədiyinə görə, daha yüksək məhsul alırlar və yüksək keyfiyyətli məhsul bizlərdə olur. Ona görə də Mülkülü soğanı bazara çıxanda adətən bizimkini alırlar”.

Fevralın sonu martın əvvəllərində əkilən bitki yay aylarında yığılır. Soğan bol məhsul versə də, satışında müəyyən çətinliklər və su problemi sakinləri ən çox narahat edən məsələlərdəndir.

Məhərrəm Süleymanov- fermer: “Soğan çox əziyyətli məhsuldu. Çox çətin əmələ gəlir. Dizlərin, əlin, barmaqların hamısı yerdə qalır onu əmələ gətirənə kimi. Sonra da suyu olur, olmur. Görürsən kanaldır, birdən dayandı”.

Yerli istehsalı artırmaq üçün Mülkülüdə demək olar ki, boş sahə qalmayıb.

Rahim İbrahimoğlu