• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1574
— 02.03.2016 14:01

Goranboyda ailə fermer təsərrüfatlarının yaradılmasına başlanılıb

Goranboyda ərzaq buğdasına olan tələbatın ödənilməsi üçün tədbirlər görülür. Bu məqsədlə kəndlilərə verilən pay torpaqlarının könüllü şəkildə birləşdirilməsi işlərinə başlanılıb. Məqsəd aqrotexniki işlərin aparılmasına əngəl yaradan kiçik torpaq sahələrinin vahid əkin sahələri ilə əvəzlənməsidir.

Ötən il Goranboy rayonunda 57361 ton buğda, 15916 ton arpa tədarük edilib. Bu il isə rayonda dənli bitkilərə olan tələbatın aradan qaldırılması və məhsuldarlığı daha da artırmaq üçün rayon İH-də yaradılan xüsusi komissiya fermer təsərrüfatları ilə məsləhətləşmələr aparır.

Goranboyda ailə fermer təsərrüfatlarının yaradılmasına start verilib. Bu məqsədlə kəndlərdə pay torpaqların birləşdirilərək vahid əkilməsi üçün sahələrin 1500 hektara çatdırılması nəzərdə tutulur. 

Goranbor rayon İH-nın baş məsləhətçisi Yasin Məmmədovun sözlərinə görə, xırda təsərrüfatların birləşdirilməsi məhsuldarlığı artırmaqla yanaşı, sahələrin suvarılmasında, texnika və işçi qüvvəsində qənaətə gətirib çıxaracaq.

Yasin Məmmədov- Goranboy rayon İH-nın baş məsləhətçisi: "Ailə fermer təsərrüfatlarına tərəfimizdən lazımi texnikaların gətirilməsi üçün Aqrolizinq ASC-yə müraciətlər üçün məsləhətləşmələr aparılır. Bundan başqa, yaz-tarla işlərinin gedişi zamanı rayon İH-də qərargah yaradılıb. Qərargahın telefon nömrələrinin yerli icra nümayəndəliklərinə və bələdiyyələrə verilməsi təmin olunub".

Təsərrüfatların növbəlilik əsasında suvarılmasına gəlincə, bu məqsədlə Goranboyda 805 subartezian quyusunun, 4 nasos stansiyasının, 3 çayın və 1 kanalın suyundan istifadə olunur. 2016-cı məhsul ili üçün rayonda 5531 hektar sahədə buğda, 12744 hektar sahədə apra əkini aparılıb.

Xaliq Qurbanlı