• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2179
— 01.03.2016 13:58

Aqrolizinq ASC-nin Şəmkir regional nümayəndəliyinə müraciət edən fermerlərin sayı artıb

Yaz tarla işlərinin başlanması ilə əlaqədar olaraq Aqrolizinq ASC-nin Şəmkir regional nümayəndəliyinə müraciət edən fermerlərin sayı artıb. Mövsümə uyğun olaraq qurumda təsərrüfatlara gübrələrin verilməsi və texnikaların sifarişləri götürülür.

Strateji məhsul sayılan buğda, arpa və digər dənli bitkilərin məhsuldarlığını artımaq, eləcə də normal inkşafını təmin etmək üçün Aqrolizinq ASC-nin Şəmkir regional nümayəndəliyində tədbirlər planı hazırlanıb. Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəydən olan fermerlərə xidmət göstərən nümayəndəlik balansında olan müxtəlif təyinatlı 329 texnikanı saz vəziyyətə gətirib.

Hazırda Aqrolizinqin texnikaları fermer təsərrüfatlarının sifarişi əsasında dövlət tərəfindən onlara verilən gübrələrin sahələrə səpilməsi işlərini həyata keçirir.

Bundan başqa, qurumun anbarlarına yığılan 4 adda 5600 ton mineral gübrənin güzəştlik şərtlərlə fermer təsərrüfatlarına satışı da həyata keçirilir.

Azər Əliyev- Aqrolizinq ASC-nin Şəmkir regional nümayəndəliyinin direktoru: "Bu il taxıl sahələrinin çoxluğu bütün respublika üzrə onu deməyə əsas verir ki, dövlət tərəfindən fermerlərə edilən güzəştlər öz bəhrəsini verir. Apardığımız sənədləşmə işlərində görürük ki, insanlar kənd təsərrüfatına daha da maraq göstərirlər. 2 ay müddətinə tərəfimizdən taxıl biçininə hazırlıq üçün texnikaların sazlanması işləri tam başa çatdırılacaq".

Son illər fermer təsərrüfatlarının lizinq yolu ilə müxtəlif adda texnikalar alması Aqroservisə edilən müraciətlərin sayını azaltmayıb. Aqroservis xidmətləri əvvəlcədən fermerlərlə bağlanan müqavilələr əsasında həyata keçirilir.

Xaliq Qurbanlı