• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2182
— 29.02.2016 15:51

2015-ci ildə 300-ə yaxın şəxs Göygöl rayon Məşğulluq Mərkəzi tərəfindən işlə təmin olunub

Bu il Göygöl rayon Məşğulluq Mərkəzi tərəfindən 8 nəfərə işsiz statusu verilib və  onlara müavinət təyin edilib. Həmçinin mərkəzdə boş iş yerləri var ki, müraciət edən işsiz vətəndaşların həmin idarələrdə işlə təmin olunması üçün müvafiq tədbirlər görülür.

Ötən il Göygöl rayon Məşğulluq Mərkəzinə müraciət edən vətəndaşlardan 293 nəfəri müvafiq işlə təmin olunub və 12 nəfərə işsiz statusu təyin edilərək müavinət verilib.

Nazim Cəfərov- Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru: “Məşğulluq haqqında Azərbaycan Respublikası qanununa və onun müvafiq maddələrinə əsasən həmin vətəndaşlara tərəfimizdən işsiz statusu verilib və onlara qanuna müvafiq qaydada işsizlik müavinəti təyin edilib. 2016-cı ilin yanvar ayından hal-hazıra qədər 8 nəfərə tərəfimizdən işsiz statusu verilib”.

Mərkəzdə həmçinin rayon üzrə  istər dövlət, istərsə də özəl təşkilatlardan 60 boş iş yeri var.

Nazim Cəfərov- Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru: “Rayon üzrə boş iş yerləri - səhiyyə sistemində, Göygöl Elektrik Şəbəkəsində, eləcə də Göygöl Suvarma Sistemləri İdarəsində fəhlə yerləri var. Bu yerlərə müvafiq qaydada müraciət edən vətəndaşlara tövsiyyə məktubları veririk”.

Məşğulluq Mərkəzinə cari ildə boş iş yerlərinin sayı ilə bağlı məlumat verməyən 3 idarə və müəssisəyə qanunauyğun olaraq cərimələr tətbiq edilib. Hazırda Göygöl rayon Məşğulluq Mərkəzində 1000 nəfərdən artıq işaxtaran qeydiyyatdadır. 

Yola saldığımız 2015-ci ildə Göygöl rayon Məşğulluq Mərkəzi üzrə 9 nəfərə kvota təyin olunub ki, bu da ötən illərə baxanda çoxdur.

Elnur Vahidoğlu